“Dərsliklərə yeni yazarlarımız salınmır, Nizamini öz şairimiz kimi dünyaya tanıtmamışıq” Müsahibə

Müsahibələr 13:52 25.06.2020

EDNews.net AzEdu.az-a istinadən filologiya üzrə fəlsəfə doktoru, Bülent Ecevit Universitetinin dosenti Rövşən Məmmədovla müsahibəni oxucuların diqqətinə çatdırır:

-Hörmətli, Rövşən müəllim, özünüzü oxuculara necə təqdim edərdiniz?

-Məmmədov Rövşən Məmmədəli oğlu, filologiya üzrə fəlsəfə doktoru, Bülent Ecevit Universitetinin dosenti. Sadə azərbaycanlı...

-Fəaliyyətiniz haqqında məlumat verərdiniz...

 -Mən Bakı Dövlət Universitetinin Nəşriyyat işi və redaktə ixtisası üzrə bitirib Sumqayıt Dövlət Universitetində Filologiya istiqaməti üzrə magistr təhsili almışam. 2006-cı ildə həmin universitetdə müəllim kimi saxlanılmış, 2008-ci ildə dissertanturaya qəbul olunmuşam. 2015-ci ildə “Azərbaycan uşaq ədəbiyyatının inkişaf xüsusiyyətləri (1970-1980-ci illər)” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışam. 2018-ci ildə Mövlanə Proqramı çərçivəsində Türkiyə Cümhuriyyəti Bülent Ecevit Universitetində 2 həftə təcrübə keçərək mühazirə aparmışam. 2019-cu ilin sentyabrında adı keçən universitetə müəllim olaraq dəvət aldım və hazırda oranın dosenti vəzifəsində çalışıram. Elmi fəaliyyətim əsasən uşaq ədəbiyyatının elmi-nəzəri məsələlərinə həsr olunub. Bundan əlavə ədəbi termin və anlayışlar, ədəbi cərəyanlara böyük marağım var. Ədəbi cərəyanlarla bağlı metodik vəsaitim çap edilib, burada ədəbi anlayışlar kitabı üzərində işləyirəm.

-Sizi Sumqayıt Dövlət Universitetində müəllimim olaraq tanıdım, Türkiyədə fəaliyyətiniz nə ilə bağlıdır?

-Doğru qeyd etdiniz. Sizə dərs demişəm. İlk zamanlar özüm də həyəcanlı idim, çünki gənc yaşlarımda böyük auditorilara daxil olurdum, qarşımda da sizin kimi oxuyub-öyrənmək həvəsi ilə oturmuş böyük gənclər ordusu. O zamanlar hələ təcrübə toplayırdım və nəhayət bunun nəticəsi kimi elmi dərəcə aldım. Və bundan böyük məmnunluq hissi duyuram. 2006-2019-cu illər arasında Sumqayıt Dövlət Universitetində səylə işlədim, öyrəndiklərimdən siz gənclərə də nəsə verməyə çalışdım. Nə dərəcədə nail oldum bunu zaman göstərəcək. 2019-cu ildə Bülent Ecevit Universitetindən təklif aldım və sentyabr ayında buraya gəldim. Ümumiyyətlə, ölkə xaricinə çıxmaq, xüsusilə Türkiyə Respublikasında çalışmaq, özümü intellektual cəhətdən daha da inkişaf etdirmək kimi məsələlər hər zaman mənim prioritet vəzifələrimdən olmuşdur. Böyük şans əldə etdim və artıq buradayam.

-Müasir yazarlardan kimləri izləyirsiz?

-Bu sual bir az dərin və fundamental oldu. Əgər Azərbaycandan söhbət gedirsə Aqşin Yenisey, Şərif Ağayar, Rasim Qaraca, Murad Köhnəqala, Səlim Babulla kimi yazarların yaradıcılığını izləyirəm. Dünya ədəbiyyatında isə Jan Pol Sartr ən çox sevdiyim yazardır. Onun fəlsəfəsi daha çox yaxındır mənim üçün

-Bu gün yaşlı və gənc yazarlar arasındakı bəzi münaqişələrə səbəb nədir, sizcə?

-Bu problem hər dönəm üçün olan fundamental bir məsələdir. Elə ailədən götürsək, yaşlı nəsil ilə gənc nəsil arasında hər zaman uçurum var. Hətta bunu diskrepanz da adlandırmaq mümkündür, yəni ciddi bir uyğunsuzluq. Yaşlı nəsil mühafikarlıqlarından əl çəkək istəmir, yeni nəsil isə modernliyə can atır. Elə mənim özüm də zaman zaman yaşlı ədəbiyyatşünaslarla bir sıra məsələlərdə razılaşmıram. Amma yaşlı nəsil də öz növbəsində gəncləri dinləməli, onların irəli sürdüyü fikirlərə balta vurmamalı, düşünmədən qərar verməməlidirlər.

-Nəsimi sizin üçün kimdir? 

-Nəsimi mənim üçün klassikadır. Nəsimi mənim üçün Azərbaycan ədəbiyyatının şahıdır, tacıdır, incisidir. Doğma dilimizdə yazan bir mütəfəkkirdir. Hər misrası böyük bir fəlsəfə olan dahi sənətkardır. İnsanın ezoterik dünyasına dərindən nüfuz edən bir şairdir.

Şeirlərində yaydığı düşüncələrin nə dərəcə şiddətli təpkilər yaradacağnı bildiyi halda Hürufilik inancını açıq şəkildə ifşa etməkdən çəkinməyən, taleyinin nə olacağını bildiyi halda “həqiqəti” söyləməkdən çəkinməyən, Ölmək və öldürülməyi laqeyd şəkildə qəbul edən, dərdlərini və işgəncələrini biganə qarşılayan cəsarətli bir davranışı olduğu üçün ölümsüzdü. Nəsimi çox lirik və ahəng yaradan bir şairdir.

-Bu gün gənc yazarların sərbəst vəznə marağının səbəbi nədir?

-Əslində, elə bir ciddi problem yoxdur. Şeiri necə yazırsan yaz, hansı mövzuda yazırsan yaz, amma səmimi yaz, dərin yaz, düşündürücü yaz. Sərbəst vəzn fikirləri ifadə etmək üçün mənə görə ən ideal vəzndir. Amma sərbəst vəzn bilavasitə toplum üçün nəzərdə tutulmuşdur deyə bilərik. Praqmatik və didaktik xüsusiyyətləri olduğu üçün toplum tərəfindən daha çox sevilir. Burada başlıca xüsusiyyət sosial narahatlıqdır və bunu şeirlərdə asanlıqla dilə gətirmək mümkündür. Nazim Hikmət, Mayakovski, Rəsul Rza kimi dahilər də bu vəznin öndə gedən sənətkarlarındandır. Elə müasir dövrdə Aqşin Yeniseyin şeriləri də bu vəzndə sevilərək oxunur.

Bir məsələni də qeyd etmək istərdim ki, şeir həyatdır, cəmiyyətdir, mənəviyyat məsələsidir, şəxsiyyətlərarası münasibəti ehtiva edən bir vasitədir. Ona görə də ciddi yanaşmaq lazımdır. Əksər hallarda bəzilər elə zənn edir ki, bunun üçün təbiətdən gələn ilham yetərlidir. Mərhum şarimiz Əli Kərimin müsahibəsində bir fikri hər zaman mənim üçün maraqla qarşılanmışdır. O deyirdi ki, intellektlə poeziya birləşəndə əsl sənət meydana gəlir. Tamamilə doğru fikirdir, çünki intellektual olan bir şairin düşüncəsi də, ideyaları da başqalarından kəskin şəkildə fərqlənir. O biri istiqamət isə hansı vəzndə olursa olsun əsas səmimiyyətin olmasıdır. Dahi şairimiz Ramiz Rövşənin bir sözü yerinə düşər: deyir ki, əsərlə yazan arasında mütləq səmimiyyət olmalıdır, əks halda o şeir zaman keçdikcə tarixin qaranlğında itəcək. Səməd Vurğunun “Azərbaycan” və Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” şeirləri o qədər səmimi yazılıb ki, bu gün də oxunur, bu gün də sevilir.

-Ədəbiyyatda hansı problemlər nəzərinizdən qaçmır?

-Mən hər zaman ədəbiyyatın inkişafını dəstəkləyirəm. Ədəbiyyat elə bir sahədir ki, dövr, zamanla bir yerdə ancaq irəli getməlidir. Yəni “qapalı orbitdən” (Yaşar Qarayev) çıxaraq ancaq üzü inkişafa doğru getməlidir. Misal üçün, XXI əsrin artıq 20 ilini geridə qoymuşuq, amma ədəbiyyat kitablarına baxsanız orada yenə də Anar, Bəxtiyar Vahabzadə kimi şəxsiyyətləri görərsiniz. Bu dahilər ötən əsrin 60-70-ci illərində sözlərini demiş və ədəbi mühitimizin zirvəsinə ucalmışlar. Bəs haradadır bizim müstəqillik dönəmində, yaxud son dönəmlərdə yazan şair və yazarlarımız? Niyə kitaba salınmır? Şərif Ağayar, Aqşin Yenisey, Murad Köhnəqala, Rasim Qaraca və s. Bunlar milli ədəbiyyatımızda artıq neçə ildir ki, durmadan çalışır, kifayət qədər maraqlı roman və povestlər yazırlar. Elə dünya ədəbiyyatına da baxsaq eyni problemləri görərik. Teodor Drayzer, Viktor Hüqo, Şekspir, Bayron, Gi de Mopassan kimi şairlərlə yanaşı müasir dövrün yazarları da tədris olunmalıdır. Bəs tələbə bunları nə zaman oxuyacaq, öyrənəcək? Elə nəzəriyyə də eyni qaydada əsərin süjeti-kompozisiyası, ədəbi portret və bədii ifadə və təsvir vasitələri ilə məhdudlaşır. Məncə ən ciddi problemlər bunlardır və bunlardan yola çıxaraq ədəbiyyat tədrisində modernləşməyə nail olmaq lazımdır. Daha təkmilləşmiş və müasir tendensiyalara əsaslanmış şəkildə.

-Türkiyə ədəbi mühiti ilə Azərbaycan ədəbi mühiti arasında hansı fərqləri hiss edə bilirsiniz?

-Türkiyə ədəbiyyatı istər klassik, istərsə də müasir vəziyyətdə bizə çox yaxın olan ədəbiyyatdır. Bunun də əsas səbəblərindən biri ötən əsrin əvvəllərində bizim aydınlarımızın orada təhsil almasıdır. Bundan başqa, ötən əsrdə Osmanlı türkçəsini ortaq dil kimi təklif edən Əli bəy Hüseynzadə ədəbiyyatımızın ortaq şəkildə inkişafını şərtləndirdi. Daha sonra Nazim Hikmətin bizim ədəbiyyatla sıx əlaqədə olması ədəbi əlaqələrin inkişafına zəmin yaratdı. Fərqli cəhətlərin biri budur ki, biz sovetlər dönəmində yaşadığımızdan ədəbiyyatımızın əksər hissəsi doqmatik meyllərdən azad olmamışdır. Həqiqəti deyən şairlərimiz isə məlum sovet məngənəsində əzildi. Müstəqillik illərindən sonra əlaqələrin daha da genişlənməsi türk ədəbiyyatının nəşri sahəsində irəliləyişə səbəb oldu.

Bir məqamı da qeyd edim ki, bizim cəmiyyət Nazim Hikmət, Cemal Süreyya, Atilla İlhan, Necip Fazıl Kısakürək, Can Yücel kimi şairləri tanıyır sevir, lakin müasir türk gəncliyi Azərbaycan ədəbiyyatı barədə nisbətən xəbərsizdir. Bunun da müxtəlif səbəbləri vardır, bu başqa söhbətin mövzusudur.

-Sizcə, mütaliəyə maraq niyə azalıb?

-Bu, təkcə bizim cəmiyyətin deyil, bütün dünyanın ən böyük problemlərindəndir. Buna səbəb kimi texnologiyanın inkişafını göstərmək mümkündür. Keçmişdə texnologiyanın olmadığı dönəmlərdə informasiya vasitəsi kimi kitab ön planda idi. Bağça, məktəb və  gecə saat 12-00 da televizorun bitməsi. Məcburən hər kəs kitaba sarılır və diqqətlə oxuyurdu. Hal-hazırda uşaqlar gözünü açıb al-əlvan dünya görür və onu təəccübləndirmək üçün analoji vasitə yoxdur. Burada Belinskinin sözləri yada düşür, “Uşaqlara rəngli dünya verin, yalnız bununla onları sevindirə bilərsiniz”. Ona görə də, insanları kitaba qaytarmaq üçün yeni ideologiyalar, yeni təkliflər axtarıb tapmaq lazımdır. Elə universitet auditorilarına baxsaq, görərik ki, əvvəllər tələbələr öyrənmək üçün oxuyurdu, müasir dövrdə imtahanları vermək üçün. Elə Türkiyədə də vəziyyət bu cürdür.

-Mütaliəyə marağı artırmaq üçün hansı tədbirlər həyata keçirilə bilər?

-Bu problem dərin təhlil və araşdırma tələb edir. İlk növbədə maraqlı, modern mövzular seçilməlidir. Bu sahədə ən böyük iş yazar və şairlərə düşür. Biz elmi sahədə olaraq məhz onların yaradıcılığını araşdırıb ən maraqlı məqamları diqqətə çatdırırıq. Amma yenə də qeyd edirəm ki, bu dərin təhlillər tələb edən bir məsələdir.

-Koronavirusun həyatınızda yaratdığı mənfi və müsbət məqamlar?

-Bir zamanlar tarixdə oxuduğumuz, filmlərdə seyr etdiyimiz problemi canlı olaraq yaşayırıq. Əslində çox tarixi bir hadisədir. Ümumilikdə götürsək, apokaliptik bir dönəmdən keçirik. Bu pandemiya yaşamımızın qiymətini bilməyimizi, insanlarla münasibətdə rəftar qaydalarını, təbiəti qorumağımızı bizə yenidən öyrətdi. Yaxşı cəhətlərdən biri budur ki, xeyli vaxtdır işlərin çoxluğundan oxumaq istədiyim lakin oxuya bilmədiyim kitabları oxudum, yazdığım kitabı isə bitirmək üzrəyəm, bir sıra məqalə yazıb çap etdirmişəm. Bunlar mənim üçün işlərin pozitiv tərəfidir. Amma mənfi hal kimi 3 aydan artıq bir zamanda evdə oturmaq və hərəkətsiz qalmaq oldu.

-Bu gün əksər Filoloqların fəaliyyəti müəllimliklə məhdudlaşır, səbəb?

-Bunun əsas səbəbi kimi maddi durumu göstərmək kifayətdir. Bizim cəmiyyətdə istər tədqiqatçı, istərsə də müəllimlik sevərək icra edilmir. Çünki hər kəsə məlumdur ki, elm və təhsil sahəsi maddi cəhətdən olduqca aşağı səviyyədədir. Tədqiqat və ya tədris işi aparmaq üçün tədqiqatçının fikri təmiz və aydın olmalı, heç bir kənar maneəyə rast gəlməməlidir. Yalnız sağlam düşüncəsi olan sağlam tədris və tədqiqat apara bilər. Amma ən azında aylıq gəlir olduğu üçün tədrisi daha çox tərcih edən filoloqlar dərsdən sonra vaxt tapıb repititorluq edə bilir. Tədqiqatçı olmaq üçün yenə də qeyd edirəm ki, sosial vəziyyət, maddi rifah halı olduqca yüksək olmalıdır. Əks təqdirdə tədqiqatın səmərəli nəticəsi olmayacaqdır.

-Sizcə, ədəbiyyat nümunələri məhv olsa, bir tək kimin yaradıcılığı Azərbaycan ədəbiyyatını yaşatmağa bəs edər?

-Bu, çətin sualdır. Klassik dönəmdə Nəsimi, XIX əsrdə Axundzadə, XX əsrdə dahi Mirzə Cəlil. Amma yenə də qeyd etmək istərdim ki, bu, nisbi anlayışdır. Elə Məhəmməd Əmin Rəsulzadənin əsərləri də kifayət edər ki, milli kimliyimizi dərindən idrak edək.

-Nizami yaradıcılığını hansı sübutlarla Azərbaycana aid edə bilərik?

Onun bədii irsinin yenidən və dərindən tədqiq olunması və araşdırılması ilə. Biz hələ də dünyaya onun Azərbaycan şairi olduğunu sübut edə bilmirik. Gətirdiyimiz arqumentlər isə lokal səviyyə ilə məhdudlaşır.

-Sizcə,ədəbiyyat müasirləşməli, yoxsa ənənələrə sadiq qalmalı?

-Ədəbiyyat milli ənənələrə söykənərək müasirləşməlidir. Amma fundamental ənənlərə. Mərhum tənqidçimiz Yaşar Qarayev deyirdi ki, köklə rabitə həmişə daxildə, alt qatdadır. Axı keçmiş bizə gələcəyin özü yox, məhz alt qatdakı təməli kimi lazımdır. O, sabahı əvəz edəndə yox, onu öz çiynində yüksəyə qaldıranda və başı üstdə - ucada saxlayanda möhtəşəmdir. Arada belə bir rabitə itəndə onlar hər ikisi bir-biri üçün, ikisi birlikdə isə bizim üçün itmiş olurlar. Kök həmişə arxada və dərindədir, o, bizdən irəlidə və yüksəkdə olsa, biz heç zaman ondan irəliyə və yüksəyə qalxa bilmərik və əslində belə kök təmələ yox..., çəpərə çevrilər”.

-Sonda gənc filoloqlara tövsiyyələriniz?

-Axtarış, təhlil, tədqiqat və təbii ki, çoxlu mütaliə. Amma yenə də qeyd edirəm ki, modern tədqiqatlarla daha çox tanış olsunlar.

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO
09:51 20.04.2024
Quttereş Azərbaycan və Ermənistana çağırış edib
09:46 20.04.2024
Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
DİQQƏT: Bakıda bu saatlarda geomaqnit qasırğası başlayır
09:10 20.04.2024
Hamısı