Ermənistanda artıq azərbaycanlılarla barışıq və sülhə hazırlıq məsələlər ilə bağlı tədbirlər görülür. Bununla bağlı ermənilər arasında artıq kampaniyaya start verilib. Bu məqsədlə erməni cəmiyyətində birgə yaşayışın və sülhün əhəmiyyəti beyinlərə yeridilməyə başlanılıb.
Ermənistan parlamentinin “Vətəndaş anlaşması” partiyasından olan deputatı Armen Xaçatryan “Əminəm ki, bir il ərzində azərbaycanlılar sərbəst olaraq nəinki Sünikə(Sönük-Zəngəzur-S.L.), həm də İrəvana gəlib-gedəcək, biz isə Bakıda və Zəngilanda olacağıq...” deyə çıxış edib.
Ağır məğlubiyyət ab-hasında yaşayan və uzun müddət millətçilik əhval-ruhiyyəsində yaşamış erməni cəmiyyətinin Azərbaycan və azərbaycanlılarla barışığa, birgə yaşayışa və sülhə hazırlanmasının real görsənməsi hələ də sual doğurur.
EDNews.net bu məsələ ilə əlaqədar tanınmış konfliktoloq Əvəz Həsənovdan müsahibə alıb.
- Əvəz müəllim ümumiyyətlə Ermənistanda son zamanlar aparılan bircə yaşayış və sülhə hazırlıq proseslərini necə dəyərləndirərdiniz? Erməni cəmiyyəti həqiqətənmi Azərbaycan reallıqlarını qəbul etməyə hazırdırlar?
- Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin indiki düşdüyü vəziyyətdən xilas etmək istəyir. Belə bir vəziyyətdə Paşinyan anlayır ki, Ermənistanın xilası üçün 10 noyabr sazişinin şərtlərini reallaşdırmaqdan başqa yolu yoxdur. Yəni, Yerevan yalnız bu istiqamətdə hərəkət etməlidir. Müqavilənin imzalanmasından sonra Ermənistan Rusiya və Türkiyənin təkid etdiyi Zəngəzur koridorunun açılması və Ermənistan – Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya olunması proseslərinə cəlb olunmalıdır. Bütün bu proseslərin həll olunmadığı təqdirdə Ermənistanın çıxılmaz vəziyyətdən qurtuluşu qeyri-mümkündür. Ermənistanın heç bir alternativ yolu yoxdur. Erməni cəmiyyəti mütləq şəkildə bütün bunları anlamalı və Paşinyanın ölkənin xilası üçün apardığı sülh çabalarını başa düşməlidirlər. Onu da deyim ki, seçkilərdə Paşinyana səs verən erməni təbəqəsi müharibə istəmir. Onlar başa düşürlər ki, Ermənistanın müharibə aparmaq iqtidarında deyil. Növbəti müharibə onlara fəlakət gətirə bilər.
Əlbəttə, Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaq istəyi Azərbaycanın qələbəsi ilə bağlıdır. Əgər Azərbaycan qələbə çalmasa idi, çətin ki münasibətlərin normallaşmasından söhbət açmaq olardı. Ermənistan yenidən sülh danışıqlarından boyun qaçırardı. Bir vacib məqamı da anlamaq lazımdır ki, Ermənistan artıq siyasi, iqtisadi və hərbi cəhətdən çöküb. Belə bir acınacaqlı vəziyyətdə rəsmi Yerevan sülhə və barışığa getmək məcburiyyətindədir. Ola bilsin ki, Ermənistanda sülhə hazırlıq prosesi Azərbaycana nisbətən daha sürətlə aparılsın. Çünki ermənilər nəticə əldə etmək istəyirlər. Biz torpaqlarımızı azad etməklə öz nəticəmizə nail olmuşuq. Bizim başqa bir istəyimiz Zəngəzur koridorunun açılmasıdır. Bu məsələdə Ermənistana ciddi təzyiqlər göstəririk. Belə olan halda Ermənistan münasibətlərin normallaşmasına və sülh danışıqlarının aparılmasında daha maraqlı ola bilər. Amma, bunun nə qədər real olacağı barədə düşünmək bir az çətin məsələdir. Sülhün reallaşması daha çox Ermənistanın apardığı siyasətindən asılıdır.
- Yaxın gələcəkdə ermənilərin Bakıya səfər etməsi və ya azərbaycanlıların Yerevana səfər etməsi nə dərəcədə real ola bilər?
- Ermənilərin Azərbaycana gəlməsi, yaxud azərbaycanlıların Ermənistana getməsi indiki psixoloji və siyasi vəziyyətdə qeyri-mümkündür. Adi vətəndaşların qarşılıqlı səfərləri hələ real görünmür. Təbii ki, həm Azərbaycanda, həm də Ermənistanda hər hansı tədbir, qapalı konfrans və ya publikaya o qədər də açıq olmayan debatlarda erməni və azərbaycanlı ekspertlər, hətta hər iki dövlətin rəsmilər müzakirə apara bilərlər. Bundan başqa biz görürük ki, üçlük formatı çərçivəsində Rusiya daxil olmaqla Ermənistan və Azərbaycanın baş nazirlərin müavinləri arasında görüşlər keçir. Hər iki dövlətin sülh prosesinə qatılmaq istəyi var. Lakin, qarşılıqlı səfərlərin tez bir zamanda baş verməsi inandırıcı deyil. Bu məsələ ilə bağlı heç bir perspektiv və irəliləyiş yoxdur. Hər iki dövlətdə ümumi əhval-ruhiyyə hələ də buna imkan vermir.
- Nikol Paşinyan son zamanlar regionda sülh prosesinin aparılmasının vacibliyinə tez-tez toxunur. Sizcə Ermənistan və Azərbaycan arasında sülhün yenidən bərpa olunması nə zaman baş verə bilər?
- Ermənistan və Azərbaycan tərəfindən sülhün bərpa olunması üçün artıq işlər və çabalar başlayıb. Rəsmi Yerevan sülh prosesindən artıq qaça bilməz. Azərbaycan da bu prosesi irəli aparmaq istəyir. Bizim əlimizdə elə bir əsas yoxdur ki, sülh prosesini dayandıraq. Sülh prosesinin aparılmasında Azərbaycan yüz faiz maraqlı tərəfdir. Əlbəttə, Ermənistanın bəzi siyasi dairələri sülh prosesini ləngitməyi ağlından keçirir. Rusiya da sülh prosesində Azərbaycan və Türkiyənin maraqlarının xeyrinə olan nəticənin əldə olunmasını istəmir. Həmçinin, Moskva Ermənistanı tam məğlub vəziyyətinə düşməsinə imkan vermir. Bununla bərabər Kremlin regionda Azərbaycan və Türkiyənin hegemoniyasını qəbul etməsi qeyri-mümkündür. Ancaq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu məsələdə qətiyyətlidirlər. Onlar Ermənistanla bağlı məsələnin tam həll olunmasını istəyirlər. Yəni, sülh danışıqlarını yarımçıq saxlamaq və ya bu proseslərdən kənar durmaq mümkün deyil. Bundan başqa sülh danışıqlarında məğlub olan tərəfin qarşısına elə şərtlər qoyulmalıdır ki, o məğlubiyyəti boynuna alsın və bir daha müharibə etmək imkanı olmasın. Onu da deyim ki, 1994-ci ildə ermənilər ərazilərimizi işğal etsə də, onlar Azərbaycanın bundan sonra müharibəyə hazırlaşacağını və müharibə üçün hərbi güc toplayacağını göz önünə gətirmədilər. Hesab edirəm ki, Azərbaycan ermənilərin etdiyi səhvi təkrarlamayacaq. Ermənistana imkan verməyəcək güc toplasın. Son nəticəyə gəldikdə isə bu Ermənistan üçün alçaldıcı olmayacaq. Ona görə ki, Azərbaycan Ermənistanın torpaqlarını işğal etməyib. Ermənistanın hər hansı bir ərazisini ilhaq etmək fikri yoxdur. Azərbaycan yalnız istəyir ki, Ermənistan onun ərazi bütövlüyünə qarşı iddialardan əl çəksin və onun beynəlxalq sərhədlərini tanısın. Eləcə də, regionda kommunikasiyalar açılsın. Azərbaycanın üzərində möhkəm dayandığı bu üç arqumentə Ermənistan qarşı çıxa bilməz. Rəsmi Yerevanın bu üç arqumentə əməl edəcəyi təqdirdə regionda sülhün bərqərar olunması o qədər də uzaqda olmayacaq.
Yunis Abdullayev
Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır
6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri