"Müsavatçı olduğunu bilmirdim..." Cəfər Cabbarlının nəvəsi ilə MÜSAHİBƏ

Müsahibələr 11:00 28.05.2023
"Nuru paşa bu əsərlərlə tanış olandan sonra ona divar saatı hədiyyə etmişdi. Həmin saatı biz indiyə kimi Cəfər Cabbarlının ev-muzeyində qoruyub saxlayırıq".
 
 
Cümhuriyyətimizin 105-ci ildönümünü qeyd edirik. Bu dövr siyasi və ictimai xadimlərimizin həyat və fəaliyyəti uzun müddət xalqdan gizli saxlanılıb.
Cümhuriyyət yaradıcılığı illərlə araşdırılmayan ziyalılarımızdan biri də Cəfər Cabbarlıdır. Hər nə qədər istiqlaliyyət ideyalarına həsr etdiyi yaradıcılıq nümunələri gizlədilsə də o bu amal uğrunda öz əqidəsindən dönməyən bir şəxsiyyət kimi bu günlərdə xatırlamalı olduğumuz simalardandır. Bilmədiyimiz məqamlar barədə böyük dramaturqun nəvəsi, Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova ilə söhbətləşdik.
 
- Qəmər xanım, Cümhuriyyət bayramımızı qeyd edirik. Bu tarix sizin üçün nə ifadə edir?
 
- Cümhuriyyət tariximiz hər bir azərbaycanlı kimi mənim üçün də qürur mənbəyidir. Şərqdə ilk demokratik respublikanın məhz Azərbaycanda qurulması bizim üçün fəxrdir. 
 
 
- Cəfər Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı haqqında çox danışılmır. Onu, əsasən, sovet yazıçısı kimi tanıtdırıblar. O da məlumdur ki, görkəmli dramaturqumuz yaradıcılığının mühüm bir hissəsini türkçülük, turan ideyalarının təbliğinə, istiqlaliyyətimizin tərənnümünə həsr edib. Milli Hökumət və Cəfər Cabbarlı – bu tandem haqqında nə deyə bilərsiniz?
 
- Cəfər Cabbarlının Cümhuriyyət dönəminə aid yaradıcılığı Sovet hakimiyyəti dövründə uzun illər gizli saxlanılıb, onu Sovet yazıçısı kimi təqdim ediblər. Lakin o özündən sonra istiqlal dönəminə aid rəngarəng irs qoyub gedib. Cəfər Cabbarlı dövrünün bir çox ziyalısı kimi 1918-ci ildə yaranan Milli Hökumətin ideyalarını yaymaq üçün çalışırdı. Müsavat partiyasının faəl üzvlərindən biri idi. Azərbaycanda ilk parlament yaradılanda C.Cabbarlı bir sıra istiqlalçı yoldaşları ilə bərabər həmin parlamentdə redaktor, stenoqrafçı kimi çalışmağa başlayıb. Həmin illərdə o, bir sıra əsərlərini yazıb. Bu əsərlər Azərbaycan oxucularına yasaq edilmişdi, yazıçının həmin dövrdəki fəaliyyətindən xəbərsiz idilər. Həmin əsərlərin adlarını çəkmək istərdim – bayrağımıza həsr etdiyi “Azərbaycan bayrağına” şeiri var, həmin şeirdə o, bayrağın rənglərini bədii şəkildə təsvir edir, mənalarını poetik dillə ifadə edir. Onun Cümhuriyyət yaradıcılığı həm ədəbiyyatımız, həm də tariximiz üçün əhəmiyyətlidir. Əfsuslar olsun ki, bunları xalqdan gizli saxlayırdılar. 
 
- Sizcə, buna səbəb nə idi? Cabbarlının Cümhuriyyət dövrü yaradıcılığı niyə gizli saxlanılaraq dərindən araşdırılmayıb?
 
- Bilirsiniz, Sovet dövründə tək Cabbarlının yox, başqa yazıçılarımızın, maarifçilərimizin də yaradıcılığı gizli saxlanılıb. Xalqa yaxın biri idi. Sovet dövründə yayılan əsərlərinin də çoxunu təhrif etmişdilər. Demək olmaz ki, Cəfər Cabbarlının Cümhuriyyət yaradıcılığı diqqətdən kənar qalıb. Son dövrlərdə bunu araşdırıb ictimaiyyətə təqdim ediblər. Ölkəmiz müstəqillik əldə etdikdən sonra onun bu dövrə aid fəaliyyətini filologiya elmləri doktoru professor Asif Rüstəmli geniş araşdırıb.O bu barədə mühüm tədqiqatlar apararaq maraqlı faktları üzə çıxarıb. Professorun “Cəfər Cabbarlı: həyatı və mühiti” adlı böyük monoqrafiyası var. Həmin monoqrafiyada Cabbarlının məhz milli hökumətə həsr etdiyi yaradıcılığı təhlil edilərək oxucularımıza çatdırılıb. 
 
 
- Cəfər Cabbarlı dəfələrlə həbs edilib. 1923-cü ildə onu həbs edərkən o şərtlə azadlığa buraxırlar ki, Sovet hakimiyyətinə qarşı çıxışlarına son qoysun. Sizcə, bu şərtlə o, könüllü razılaşıb ya məcburiyyət qarşısında?
 
- Düzdür, 1923-cü ildə.Cabbarlını iki dəfə həbs edirlər. Bir sıra məsləkdaşları ilə bərabər Bağırovun “ÇeKa”sında saxlayıblar. Onları həbsdən buraxarkən qarşılarına belə bir şərt qoydular. Amma Cəfər Cabbarlı ömrünün sonuna kimi o şərtlərə tabe olmadı. Həbsdən sonra yenə də fəaliyyətini davam etdirdi. Yazdığı əsərlərin demək olar ki, hamısında söyləmək istədiklərini üstüörtülü də olsa ifadə edirdi. Demək olmaz ki, onlarla razılaşmışdı. Əqidəsinə sonadək sadiq qaldı, 1934-cü ildə dünyasını dəyişdi.
 
- Sizcə, yaşasaydı, yenə də yaradıcılığını milli məfkurəyə, istiqlal ideyalarına həsr edəcəkdimi?
 
- Əlbəttə ki... (gülür). Dönməzdi öz əqidəsindən. Cəfər Cabbarlını həbs edən vaxt evində axtarışlar apararkən müstəqillik amalları ilə yazdığı, dövrünün istər siyasi, istər sosial problemlərini ürək yanğısı ilə təsvir etdiyi əsərlər ortadan götürülmüşdü, bəzilərini bilərək itirmişdilər. Əfsuslar olsun ki, bu əsərləri hələ də tapa bilməmişik. Onların arasında “Bakı müharibəsi” əsəri var. Bakıda və Azərbaycanın digər bölgələrində ermənilər tərəfindən müsəlman əhaliyə qarşı törədilmiş soyqırım, qətllər barədədir.Həmin əsərdə Cabbarlı Osmanlı ordusunun generallarından Nuru paşanı, Qafqaz Müsəlman Ordusunun Bakını erməni - bolşevik işğalçılarından azad etməsini, dinc əhaliyə qarşı törədilən vəhşiliyə son qoyulmasını geniş təsvir edib. Cənubi Azərbaycan mövzusunda yazdığı “Araz çayı” mənzum əsəri var. Bu və digər əsərlərə pantürkizm damğası vuraraq xalqdan gizlətmişdilər. Sonralar da o əsərlərin aqibəti bilinmədi. Türkçü idi. Yaşasaydı, yenə də bu ideologiya uğrunda qələmini işə salacaqdı. 
 
 
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, Nuru paşa babanıza saat hədiyyə etmişdi. Amma nənəniz bu saatın kimin hədiyyəsi olduğunu demirmiş, ananız da sonralar atası haqqında çox danışmırmış. Ailədə bu söhbətlərin çox getməməsinin səbəbi nə idi?
 
- Cəfər Cabbarlı Bakı hadisələrindən sonra Nuru paşa ilə tanış olmuşdu, söz vermişdi ki, bu hadisələri, türk ordusunun qəhrəmanlığını işıqlandıran əsər yaradacaq. Sözünün üstündə də durdu. “Bakı müharibəsi” əsəri belə yarandı. Nuru paşa o zaman 29 yaşlı general idi, Cəfər Cabbarlı isə çox gənc - 19 yaşında idi. Yaşının az olmağına baxmayaraq artıq türk tarixinin qəhrəmanlıq səhifələrindən bəhs edən əsərlər yazmışdı. Nuru paşa bu əsərlərlə tanış olandan sonra ona divar saatı hədiyyə etmişdi. Həmin saatı biz indiyə kimi Cəfər Cabbarlının ev-muzeyində qoruyub saxlayırıq. Sual verdiniz ki, niyə nənəm bu haqda danışmırdı. Siyasi şərait bunu tələb edirdi, çox şeyi demək olmazdı o vaxt. Həmin hədiyyə barədə bizim də əvvəllər məlumatımız yox idi. Muzeydə Cəfər Cabbarlının həbsdə ikən yazdığı məktublar da qorunur. 
 
 
- Deyəsən, hədiyyələr arasında saatdan başqa əşyalar da olub...
 
- Bəli, orada saat, nikelli dəmir çarpayı və divar asılqanı var idi. Nuru paşa onun evinə gəlmişdi, qonaq olmuşdu. Ailəsi ilə tanış olarkən bu əşyaları onlara bağışlamışdı. Üçü də hazırda muzeydə qorunur. Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyində də bu eksponatları nümayiş etdiririk, maraqlananlar gedib görə bilər. 
 
 
- Cəfər Cabbarlının fitri istedadı özünü tək ədəbiyyatda deyil, digər sahələrdə də büruzə verib... 
 
- Fenomenal istedada malik olub. Yazıçılıqla bərabər, həm də tərcüməçi, jurnalist, teatr xadimi idi. Teatrdan əlavə, kinomuzun vəziyyəti də onu düşündürürdü. Kino tariximizə də öz töhfələrini verib. Azərbaycanın ilk milli kino ssenaristi elə Cəfər Cabbarlı özü olub. Kino sənəti o vaxtlar yeni yaranırdı, film çəkilişləri bir yana, kadr çatışmazlığı da onun işini çətinləşdirirdi. Milli kadrların kinoya cəlb olunması üçün səy göstərirdi. Kinomuza ilk azərbaycanlı aktrisanı o gətirib. Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova kimi dövrün tanınan incəsənət xadimlərinin inkişafında rolu olub. “Sevil” filmində həm də rejissorluq edib. Yəni ki, hərtərəli bir insan, şəxsiyyət olub. Azərbaycanda hər sahənin milliləşməsi, yerli istedadların üzə çıxması üçün çalışıb daim. 35 il ömür yaşayan bir cavan insanın az vaxtda bu qədər işlər görməsi, sayılıb-seçilən əsərlər yazması doğurdan da ağlasığmazdır. O vaxt televiziya, internet olmayıb. Bu qədər məlumatı bir arada toplaması, bədii çalarlarla hadisələri təsvir etməsi həqiqətən təəccüb doğurur. 
 
 
 
- Özünüz də qeyd etdiniz ki, Cəfər Cabbarlı Osmanlının qəhrəmanlıq tarixinin təsvirinə əsərlərində geniş yer ayırıb. Ədəbiyyatçıların fikrincə, Osmanlı tarixini ədəbiyyatımıza gətirən ilk yazıçı idi. “Ədirnə fəthi”, “Trablis müharibəsi” əsərləri buna sübutdur. Əgər o dövrkü siyasi şərait buna imkan versəydi, Cümhuriyyət süqut edəndən sonra Cəfər Cabbarlı Azərbaycanın sovetlərin deyil, məhz Türkiyənin tərkibinə qatılmasını istəyərdimi?
 
- Demokratik Respublika süqut edəndən sonra Cəfər Cabbarlı çox böyük stress yaşamışdı. Həmin illərdə demək olar ki, əsər yazmırdı. Baş verən hadisələr sanki yaradıcılığına da təsir göstərmişdi. Fəaliyyətini tərcüməçiliyə yönəltmişdi. İstədiyi kimi yazmağa mane olurdu ölkəsinin, xalqının üzləşdiyi ağır mənzərə. Türk dünyasının birliyini təqdir etsə də, düşünürəm ki, Cəfər Cabbarlı Azərbaycanın elə müstəqil dövlət kimi ayaqda durmasını istəyərdi, ölkəsinin istiqlal tarixinin uzun ömürlü olmasını arzulayardı. Azərbaycanın müstəqilliyi, Cümhuriyyətin yaşaması onun ən böyük amalı idi.   
 
 
- Turan ideyalarına rəğbət göstərən Cəfər Cabbarlı bütün türk dünyasının vahid dövlətdə birləşməsini dəstəkləyirdimi? Bu birliyin reallaşmasına inamı olubmu? 
 
- Tək Azərbaycanın deyil, bütün türk dünyasının gələcəyi, müstəqilliyi, birliyi hər zaman Cəfər Cabbarlını düşündürən məsələ olub. O vaxt bəzi türk respublikalarında teatr quruculuğu sahəsində öz köməkliyini göstərib. Həmin respublikaların teatrlarında da Cəfər Cabbarlının əsərləri oynanılıb. “Azərbaycan bayrağına” şeirində deyir ki, o gün olsun, bir göy bayraq Turan üstə açılsın. 
 
- Ananız Gülarə xanım Cəfər Cabbarlı haqqında nə danışırdı? Sizcə, gizlətdiyi məqamlar qaldımı?
 
- Atası rəhmətə gedəndə Gülarə xanımın cəmi 4 yaşı olub. Anam 1930-cu ildə anadan olub. Yəni ki, o yaşda uşağın yadında çox şey qala bilməzdi, atasını dumanlı xatırlayırdı. Amma Sona xanımın xatirələri, danışdıqları əsasında anam da atası ilə bağlı özündə təsəvvür formalaşdırmışdı. Təsəvvüründə onu gözəl ailə başçısı, qayğıkeş ata, vətənpərvər bir ziyalı kimi canlandırırdı.  Sona Cabbarlının “Onu kim unudar” adlı xatirələr toplusu var. Sona xanım o kitabda ömür-gün yoldaşı ilə bağlı xatirələrini bölüşüb, Cəfər Cabbarlını bir insan kimi, yazıçı, ziyalı kimi xarakterizə edib. Həmin xatirələr bizə yazıçımızın həm ədəbi fəaliyyəti, həm maarifçilik yolunda gördüyü işlər barədə dolğun məlumat verir. 
 
 
- Cəfər Cabbarlı haqqında ailə üzvlərinizdən eşitmədiyiniz, sonradan öyrəndiyiniz faktlar olubmu?
 
- Məsələn, sonralar bildim ki, Cəfər Cabbarlı müsavatçı olub, bayaq da qeyd etdiyim kimi. Bu faktı çoxları bilmirmiş. Ölkənin siyasi-ictimai həyatında fəaliyyətləri olan bir insan olub. 1982-ci ildə onun ev-muzeyi açılanda hələ Sovet dövrü idi. Qonaqlara Cəfər Cabbarlı haqqında danışarkən bu faktları demirdik. O, 1931-ci ildə “1905-ci ildə” əsərini yazarkən Çarizmin çirkin siyasətini göstərməyə, azərbaycanlılarla ermənilər arasında gedən davanın da ruslar tərəfindən alovlandırıldığını çatdırmağa çalışmışdı. Rusiya dövrün hegemonu idi, buna baxmayaraq o, bəhs etdiyim əsərdə rusların şovinist siyasətini ifşa etməkdən çəkinməmişdi. Həmin əsərin yazılmağından 90 ildən çox vaxt keçib. Rusların sovetlər dövründə də, indi də yürütdüyü siyasətə, nail olmaq istədiyi siyasi qarışıqlığa biz bu dövr ərzində çox şahidlik etmişik. Həmin əsəri yazarkən yazıçımız hətta Xocavəndin Tuğ kəndinə getmişdi, oradakı siyasi-ictimai şəraitlə tanış olmuşdu. Erməni-müsəlman davasının səbəblərini canlı araşdıraraq üzə çıxarmağa çalışmışdı. Bunları yazmaya da bilərdi. Rus hakimiyyətinə qarşı çıxmaq o dövrdə ən böyük bağışlanmaz cinayət idi. 
 
 
- Qəmər xanım, babanızın ən çox hansı əsərini sevirsiniz və niyə məhz o?
 
- Demək olar ki, bütün əsərlərini (gülür)... Gözəl şeirləri var. Hekayələri olsun – o qədər dərin mənası var ki, bu gün də aktualdır. Qadınların maariflənməsi üçün çalışan Cəfər Cabbarlı onların problemlərinə biganə qala bilməzdi, bunu qələmi ilə işıqlandırırdı. Onların hüquqsuzluğu, ictimai həyatdan geri qalması, cəmiyyətdə, ailədə söz haqlarının olmaması... Bütün bunlar bir ziyalı kimi onu düşündürməyə bilməzdi. Necə ki, sadaladığım problemlər bu gün də cəmiyyətimizdə mövcuddur. Demək ki, Cabbarlı yaradıcılığı zamansızdır. Sağlam gələcəyin anadan, qadından asılı olduğunu dərk edirdi, ona görə də bu mövzu daim onun ədəbi yaradıcılığında yer alıb. Həm də bu hekayələrin çox gözəl, anlaşılan dili var. Oxuyarkən əsərdəki hadisələri insan göz önündə canlandıra bilir. İstər dram əsərləri, hekayələri, istərsə də şeirləri olsun – hamısı mənim üçün əzizdir, doğmadır, qiymətlidir. Heç birinin adını bir-birindən ayrı çəkə bilmərəm.
 
 
 
 
 
Söhbətləşdi: Törə Zeynallı
 
 
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO

Xəbər xətti

F-16-ları məhv edəcəyik - Juravlyov
05:15 27.04.2024
Kobaxidze Avropa Parlamentini sərt tənqid etdi
04:02 27.04.2024
Putin Bakıda doğulan şəxsin namizədliyini dəstəklədi
03:00 27.04.2024
Məşhur Rusiya aktyorları Bakıda gəzintiyə çıxdı
02:00 27.04.2024
Trampla debat üçün həyəcanlanıram - Bayden
01:00 27.04.2024
Ərdoğan Qüds Konfransında Netanyahu üçün dua edib
00:15 27.04.2024
Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib
23:45 26.04.2024
İsrailin milli təhlükəsizlik nazirinin olduğu avtomobil qəzaya uğradı
23:23 26.04.2024
Nigeriyada azı 11 nəfər çökən binanın dağıntıları altında qalıb
23:00 26.04.2024
Azərbaycan cüdoçusu Avropa çempionu olub
22:44 26.04.2024
İsveçrə parlamenti Ukraynaya yardım planını dəstəkləyib
22:21 26.04.2024
Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb
22:00 26.04.2024
Monteneqro Baş nazirinin müavini: Azərbaycanla əlaqələrə böyük önəm veririk
21:52 26.04.2024
Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var
21:44 26.04.2024
Monteneqro Parlamentinin sədri: Hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmişik
21:33 26.04.2024
Zelenski orduya Dəstək Qüvvələrinin komandirini vəzifəsindən azad edib
21:22 26.04.2024
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb
21:18 26.04.2024
Ermənistanda polis etirazçılara qoşulan deputatları SAXLAYIB
21:00 26.04.2024
Şəkidə tibb bacısı özünə vurduğu antibiotik iynəsindən şoka düşüb
20:46 26.04.2024
Sutka ərzində Qəzzada 51 nəfər ÖLÜB
20:33 26.04.2024
MDB dövlətləri gömrük xidmətləri üçün tranzit portalı yaradacaq
20:30 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB-2
20:27 26.04.2024
Kəmaləddin Heydərov FHN-in Gəncə Regional Mərkəzində müşavirə keçirib
20:20 26.04.2024
COP29-un sədrləri Çilinin Ətraf Mühit naziri ilə görüşüblər
20:15 26.04.2024
Əşrəf Veysəlli şeirini öz səsi ilə oxuyur - VİDEO
20:00 26.04.2024
Prezident İlham Əliyev BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşüb - YENİLƏNİB
19:48 26.04.2024
Annalena Berbok: ““Almaniya Azərbaycanın COP29-a sədrliyinin dəstəklənməsi üçün səylərini davam etdirəcək”
19:45 26.04.2024
Axşamdan etibarən paytaxtın bu ərazisində qaz OLMAYACAQ
19:38 26.04.2024
Paşinyan: Yaxın onilliklər üçün Ermənistanın mövcudluğu məsələsini həll edirik
19:22 26.04.2024
İlham Əliyevin Ştaynmayer ilə geniş tərkibdə görüşü başlayıb
19:11 26.04.2024
Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib
19:10 26.04.2024
Vəkilliyə qəbulla bağlı imtahanın vaxtı AÇIQLANIB
19:00 26.04.2024
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başlayıb
18:44 26.04.2024
Azərbaycan və Ermənistan sərhədində 28 sərhəd dirəyi quraşdırılıb
18:36 26.04.2024
İlham Əliyev Almaniya Prezidentinin iqamətgahında xatirə kitabını imzalayıb
18:29 26.04.2024
Azərbaycan boks millisinin məşqçisi: İki bürünc medal bizim üçün uğur sayıla bilməz
18:18 26.04.2024
Ventzeslav Sabev: "Azərbaycanda olmaq xoşbəxt bir fürsətdir" - VİDEO
18:00 26.04.2024
Qazaxıstan müdafiə nazirinin birinci müavini HHQ-nin Komanda Məntəqəsində olub
17:46 26.04.2024
Prezidentin BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü başladı
17:25 26.04.2024
Prezident Almaniyanın xarici işlər naziri ilə görüşdü
17:21 26.04.2024
Hamısı