Azərbaycanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxarması və İrandan keçən dəhlizlə bağlı fəaliyyəti genişləndirməsi Ermənistanda narahatlıq yaradıb.
Belə ki, Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasından olan deputatı Tiqran Abramyan Azərbaycan və Türkiyənin artıq “dəhliz” terminindən istifadə etmədiyini xatırladıb və iddia edib ki, Zəngəzur dəhlizinin gündəmdən çıxarıldığı təəssüratı yaranır.
Mövzu ilə bağlı Ednews – a siyasi şərhçi Mübariz Göyüşlü vurğulayıb ki, bu Ermənistanda radikal əhval – ruhiyyədə olan siyasi qrupların nümayəndələrinin arzusudur.
“Nə Zəngəzur, nə Qərbi Azərbaycan, nə də Zəngəzur dəhlizi ilə bağlı mövzuları Azərbaycanın gündəmindən çıxarılmayıb. Bizim üçün bu məsələlər önəmlidir. Biz, gec – tez Ermənistanın bu məsələni icra etməsinin şahidi olacağıq. Zəngəzur dəhlizi siyasi məsələ olmaqdan savayı, həm də daha çox iqtisadi, faydalı və nəhəng bir proyektdir. Ermənistanın bunu başa düşməsi zaman alır və zaman alacaqda. Lakin düşünürəm onlar sonda bunun vacibliyini anlayacaqlar və bu dəhlizin reallaşmasına dəstək verəcəklər. Qeyd etdiyim kimi Zəngəzur dəhlizinin gündəmdən çıxarılması radikal qruplaşmaların istəyidir, lakin bəlkə də Paşinyanın da belə bir arzusu var. Biz Ermənistanın dəfələrlə, həm özünə, həm də region ölkələrinə bu cür fayda verən layihələrdən təcrid etdiyinin şahidi olmuşuq. Ələxsus ağlı başında olan hər bir siyasətçi bunun reallaşmasına dəstək verəcək”
Əkbər Novruz