“Aİ-nin siyasətindəki ziddiyyət IGB-nin genişləndirilməsini çətinləşdirir”

Müsahibələr 13:56 08.04.2025

Avropanın enerji arxitekturasının mühüm elementinə çevrilən Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) qaz mənbələrinin şaxələndirilməsini təmin edir və regionda enerji təchizatının dayanıqlığını gücləndirir. Qaz kəməri Bolqarıstanı Cənub Qaz Dəhlizi və Şaquli Qaz Dəhlizi ilə fiziki olaraq birləşdirərək, Xəzər regionundan Mərkəzi və Şərqi Avropaya təbii qaz tədarükünün sabit marşrutunu formalaşdırır.

“EDnews” xəbər verir ki, IGB qaz kəmərinin operatoru olan “ICGB” şirkətinin icraçı direktoru Teodora Georgiyeva “Report”a müsahibəsində layihə çərçivəsində əldə edilmiş nəticələr, infrastrukturun genişləndirilməsi perspektivləri, Azərbaycanla əməkdaşlığın əhəmiyyəti, həmçinin Avropa İttifaqının (Aİ) enerji siyasəti kontekstində meydana çıxan çağırışlar barədə danışıb.

Müsahibəni oxuculara təqdim edirik:

- Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara verildiyi vaxtdan etibarən fəaliyyətini necə qiymətləndirirsiniz? Bu müddət ərzində hansı mühüm nəticələrə nail olunub?

- IGB Cənub Qaz Dəhlizinin Xəzər regionu, qaz nəqli marşrutları və Avropa bazarı arasında əlaqəni gücləndirən mühüm həlqəsidir. 2022-ci ildə istismara verildiyi vaxtdan bəri bu interkonnektorun xüsusilə qlobal qeyri-sabitlik fonunda enerji təhlükəsizliyinin və təchizatın şaxələndirilməsinin təmin edilməsində önəmli rol oynadığı məlum olub.

Bu gün Bolqarıstanda istehlak olunan qazın 40 %-dən çoxu Azərbaycandan daxil olur ki, bu da həm sənaye, həm də məişət istehlakçıları üçün qiymətləri xeyli azaltmağa imkan verib. IGB-nin Trans-Balkan boru kəməri ilə uğurlu qarşılıqlı əlaqəsi də vacibdir - bu, kritik məqamda Moldova və Ukraynaya qaz tədarükünü təmin etməyə imkan verib. Beləliklə, qaz kəməri regional enerji dayanıqlılığının elementi kimi rolunu möhkəmləndirib.

IGB Trans-Adriatik Qaz Kəməri (TAP) və müvafiq olaraq Cənub Qaz Dəhlizi ilə inteqrasiya olunmuş unikal infrastruktur obyektidir. Biz həmçinin Yunanıstanın qazpaylayıcı şəbəkəsinin operatoru olan DESFA vasitəsilə bu ölkənin qaz nəqli sisteminə qoşulmuşuq ki, bu da IGB-ni Şaquli Qaz Dəhlizinin bir hissəsinə çevirir və Avropanın enerji bağlantısını gücləndirir. Bu, Moldova, Ukrayna və daha sonra Mərkəzi Avropaya tranzit marşrutlarının genişləndirilməsi üçün perspektivlər açır.

Biz bunda böyük potensial görürük və “Azerbaijan Gas Supply Company” (AGSC) və Azərbaycanda təkcə etibarlı müttəfiq deyil, həm də dost hesab etdiyimiz digər tərəfdaşlarla etibarlı əməkdaşlığın davam etdirilməsinə ümid edirik.

 - Yunanıstan-Bolqarıstan interkonnektorunun cari yüklənmə səviyyəsi necədir? O, layihə gücünə çatıbmı? 2024-cü ildə və bu ilin əvvəlindən hansı həcmdə qaz nəql edilib? Bu tədarükdə Azərbaycan qazının payı nə qədərdir?

- İstismara verildiyi vaxtdan 1 mart 2025-ci il tarixinə qədər IGB interkonnektoru vasitəsilə Yunanıstandan Bolqarıstana 33 milyon MVt/saatdan çox təbii qaz nəql edilib. Əks istiqamətdə - Bolqarıstandan Yunanıstana virtual revers mexanizmi ilə tədarükün həcmi isə təxminən 2 milyon MVt/saat təşkil edib. Təəssüf ki, 1 aprel tarixinə yenilənmiş məlumatlar hələ əlçatan deyil.

Xüsusilə müharibə başladıqdan sonra Avropanın enerji arxitekturasındakı dəyişikliklər fonunda Azərbaycan tədarükün sabitliyinin təmin edilməsində aparıcı rol oynayır. Bu gün Azərbaycan qazı Bolqarıstanın illik istehlakının təxminən 40 %-ni təşkil edir, yay aylarında isə bu pay 60 %-ə qədər artır.

Biz IGB-nin ötürücülük qabiliyyətini 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırmağı planlaşdırırıq. Lakin Avropa İttifaqının cari siyasəti qaz infrastrukturunun genişləndirilməsinə kömək etmir. Məhdud bazar tələbi və qrantların ayrılmaması şəraitində layihənin həyata keçirilməsi son dərəcə çətinləşir. Buna baxmayaraq, biz Aİ-dən maliyyə dəstəyinə və subsidiyalara ümid edirik, çünki IGB-nin gücünün artırılması bizim strateji prioritetimizdir.

Artıq genişləndirmə üzrə layihələndirmə, icazələrin alınması və tender sənədlərinin hazırlanması istiqamətində iş aparılır. Tutumun artırılması Azərbaycan qazının Avropa bazarlarına tədarükünü artırmağa, revers imkanlarını yaxşılaşdırmağa, Aİ ölkələri və onların enerji birliyindəki tərəfdaşları arasında enerji bağlantısını gücləndirməyə şərait yaradacaq.

Bu, sadəcə texniki modernləşdirmə deyil, həm də Avropanın enerji təchizatının dayanıqlığı, şaxələndirilməsi və enerji həmrəyliyinə uzunmüddətli investisiyadır.

AGSC ilə müqavilələrlə yanaşı, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstan qaz bazarında fəal şəkildə işləyir, qaz paylanmasını inkişaf etdirir. Şirkət “Asarel” kimi aparıcı oyunçularla əməkdaşlıq edir və tərəfdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bütün bunlar təsdiq edir ki, SOCAR Bolqarıstanı strateji tərəfdaşı hesab edir və biz bu inamı tamamilə bölüşürük.

- IGB-nin ötürücülük qabiliyyətinin artırılması üçün hansı konkret addımlar atılıb? Layihənin təxmini dəyəri bəllidirmi?

- Biz artıq infrastrukturun genişləndirilməsi üzrə hazırlıq mərhələsinə başlamışıq: ötürmə qabiliyyətinin ildə 5 milyard kubmetrə çatdırılması üçün layihələndirmə, icazələrin alınması və tender sənədlərinin hazırlanması üzərində iş gedir. Bu genişləndirmə sadəcə texniki yenilənmə deyil, eyni zamanda, Avropa qaz sisteminin dayanıqlığı və əlaqələndirilməsinə strateji investisiyadır.

Layihənin dəyəri təxminən 15 milyon avro təşkil edir. Bizim tərəfimizdən əsaslı xərclərin məbləği çox azdır, çünki kompressor stansiyasının tikintisi DESFA-nın məsuliyyət zonasına daxildir. Buna baxmayaraq, hətta nisbətən az məbləğdə belə, biz yüksək səmərəliliyi və rəqabət qabiliyyətini qorumağa çalışırıq.

 
Biz maliyyələşdirməyə aşağıdakı yanaşmanı optimal hesab edirik: ilk növbədə, qrantlar, daha sonra xarici maliyyənin cəlb edilməsi və yalnız son mərhələdə səhmdarların investisiyaları. Bu yanaşma bizə Cənub və Şaquli qaz dəhlizlərinin dayanıqlığını və strateji istiqamətini qoruyub saxlamağa imkan verir.

Həmçinin o da vacibdir ki, Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərində "Şahdəniz-2" layihəsindən başqa, mümkün tədarük də daxil olmaqla, yeni qaz həcmləri haqqında məlumat təqdim edilib. Əgər Cənub Qaz Dəhlizində əlavə həcmlər olarsa, bu, genişləndirmənin xeyrinə ciddi arqument olacaq.

Biz əminik ki, Azərbaycandan olan tərəfdaşlar ən etibarlı tərəfdaşlardır. IGB ilə təchizatın dayanıqlığı bu layihənin zəruriliyinin əsaslandırılmasını yalnız gücləndirəcək.

- Nə üçün IGB-nin genişləndirilməsi ümumavropа əhəmiyyətinə malikdir?

- IGB təkcə Cənub Qaz Dəhlizinin təməl elementi deyil, həm də Şaquli Qaz Dəhlizi ilə inteqrasiyanın mühüm həlqəsidir. Bu, Bolqarıstan və Yunanıstanın milli şəbəkələrini TAP ilə fiziki olaraq birləşdirən əsas infrastruktur olmaqla, Xəzərdən Mərkəzi və Şərqi Avropaya qədər möhkəm enerji arteriyası yaradır.

Bolqarıstan şəbəkəsi və Trans-Balkan qaz kəməri ilə inteqrasiya Moldova və Ukraynaya revers rejimində tədarükün həyata keçirilməsinə imkan verir, bu ölkələrin təbii qaza çıxışı üçün alternativ və təhlükəsiz marşrutlar təqdim edir. Belə infrastruktur yüksək geosiyasi təzyiq şəraitində region üçün həyati əhəmiyyətli dəhliz rolunu oynayır.

Beləliklə, IGB-nin ötürmə qabiliyyətinin genişləndirilməsi təkcə milli deyil, həm də uzunmüddətli perspektivdə ümumavropа enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Biz həm cari, həm də gələcək bazar tələblərinə cavab verən etibarlı, çevik və artırıla bilən tədarükü təmin etməyə çalışırıq.

Bizim davamlı bazar tələbimiz və təsdiqlənmiş əməliyyat uğurumuz var: 2022-ci ildə istismara verildiyi vaxtdan IGB ötürücülük qabiliyyətinin 80 %-nə çatıb - bu, bazarın infrastrukturumuza yüksək etimadının əyani sübutudur.

- IGB-nin genişləndirilməsi prosesində və ümumilikdə qaz infrastrukturunun dəstəklənməsində Avropa İttifaqının rolu nədən ibarətdir?

- Burada mən Aİ-nin siyasətindəki müəyyən ziddiyyətə diqqət çəkmək istərdim. Bu, bizim səylərimizin həyata keçirilməsini çətinləşdirir. Bir tərəfdən, təbii qaz hələ də enerji təchizatının sabitliyinin təmin edilməsində və bərpa olunan enerji mənbələrinin inteqrasiyasının dəstəklənməsində mühüm rol oynayan keçid dövrü yanacağı hesab edilir. Digər tərəfdən, Avropanın EPR, CEF və RepowerEU kimi bir çox maliyyə alətləri faktiki olaraq qaz infrastrukturunu prioritet layihələr sırasından xaric edir, bu, xüsusilə onların son dərəcə əhəmiyyətli hesab edilmədiyi və ya təminatlı bazar tələbinə malik olmadığı halda özünü büruzə verir.

Bu ciddi bir çağırışın ortaya çıxmasına səbəb olur. IGB kimi layihələrə birbaşa dəstəyin olmaması şəraitində rəqabətqabiliyyətliliyi qorumaq və infrastrukturu genişləndirmək son dərəcə çətinləşir. Biz ICGB-də daha çevik və real maliyyələşdirmə modellərini təmin etmək üçün Aİ yanaşmalarını yenidən nəzərdən keçirməyə çağırırıq. Bu xüsusilə bizdə də olduğu kimi, geosiyasi və regional əhəmiyyətli keçid layihələrinə aiddir.

 Təbii qaz hələ uzun müddət Avropanın enerji balansının vacib hissəsi olacaq. O, daha çox karbon tutumlu yanacaq növlərini əvəz etməyə, bərpa olunan enerji mənbələrinin inteqrasiyası zamanı sistemi balanslaşdırmağa kömək edir, eləcə də bazarın volatilliyi şəraitində təchizatın etibarlılığını təmin edir. Məhz buna görə qaz layihələrinin dayanıqlı kommersiya modeli və qrantlara, subsidiyalara və digər dəstək formalarına çıxışı vacibdir.

2023-2024-cü illərdə biz Şaquli Qaz Dəhlizi çərçivəsində qonşu operatorlarla razılığa gəlinməsi kimi əsas mərhələni tamamladıq. Bu, vacib addım idi, lakin Aİ hələ də investisiyalar üçün ilkin şərt kimi tutumların uzunmüddətli rezervasiyasını tələb edir ki, bu da artıq bazar reallıqlarına uyğun gəlmir. Belə təcrübə çevik infrastrukturun inkişafını ləngidir.

IGB kimi prioritet infrastruktura investisiya cəlb etmək üçün daha adaptiv və çevik model lazımdır. Bir daha vurğulayıram: biz bütün Avropa üçün strateji əhəmiyyət kəsb edən dəhlizin bir hissəsiyik. Cənub və Şaquli qaz dəhlizlərinin IGB vasitəsilə inteqrasiyası, həmçinin Trans-Balkan marşrutuna qoşulma Xəzər regionundan Mərkəzi Avropaya qədər enerji təhlükəsizliyini təmin edən möhkəm infrastruktur şəbəkəsi formalaşdırır.

IGB öz etibarlılığını və səmərəliliyini sübut edib və biz milli hökumətlərdən və operatorlardan başlayaraq Avropa institutlarına qədər bütün maraqlı tərəflərin dəstəyinə ümid edirik. Yalnız birgə səylərlə enerji keçidi və geosiyasi çağırışlar kontekstində infrastrukturumuzun uzunmüddətli dayanıqlığını, genişləndirilməsini və strateji əhəmiyyətini təmin etmək mümkündür.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətlərii
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Rusiya Zaporojyedə hava hücumları həyata keçirdi
09:15 30.05.2025
Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşma baş verib
08:58 30.05.2025
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir
08:56 30.05.2025
HƏMAS ABŞ-ın atəşkəs planını rədd etdi: "Əsas tələblərimiz yerinə yetirilmir"
08:32 30.05.2025
Di Mariya doğma klubuna qayıtdı
08:21 30.05.2025
Baydenin əvəzinə ABŞ-ni kim idarə edib? - Hökumət araşdırma aparır
08:03 30.05.2025
Antonio Konte “Napoli” ilə yollarını davam etdirir
08:03 30.05.2025
Ceki Çana və Ralph Macchioya qara kəmər verildi
07:27 30.05.2025
Putin Kim Çenə nə vəd edib? Moskva-Pxenyan hərbi ittifaqı yeni mərhələdə
07:14 30.05.2025
Ərəblər Bruno Fernandesə dörd dəfə artıq maaş təklif edirlər
07:07 30.05.2025
Kral ailəsinin üzvü kokainlə yaxalandı
06:59 30.05.2025
Yerin fırlanması yavaşlayır
05:45 30.05.2025
Hakerlər Ağ Ev Aparatının rəhbərinin şəxsi hesablarını ələ keçirib
05:43 30.05.2025
Pentaqon əməkdaşı məxfi məlumatları xaricə ötürməyə cəhd edərkən saxlanılıb
05:39 30.05.2025
Mirzə Ələkbər Sabirin doğum günüdür
00:01 30.05.2025
"Instagram" istifadəçiləri smartfonların həddindən artıq qızmasından şikayətlənirlər
16:05 29.05.2025
ABŞ-nin Suriyadakı səfirliyi işini bərpa etdi
15:50 29.05.2025
Tramp HİV pandemiyası ilə bağlı Avropa ölkələrini ittiham etdi
14:54 29.05.2025
"Amerikanın Səsi" radiostansiyasının bütün əməkdaşları işdən çıxarılacaq
14:06 29.05.2025
Azərbaycan iqtisadi mürəkkəblik üzrə artım tempinə görə lider olub
13:54 29.05.2025
Kəlbəcərdə minaya düşən hərbçimizin vəziyyəti açıqlandı
13:28 29.05.2025
Səudiyyə Ərəbistanında saxlanılan iranlı din xadimi azad edilib
13:05 29.05.2025
Britaniya kibermüharibəyə hazırlaşır? Süni intellekt və hakerlərə 1 milyard funt sterlinq ayrıldı
13:04 29.05.2025
Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
13:02 29.05.2025
Azərbaycan və Səudiyyə Ərəbistanı işgüzar əlaqələri genişləndirəcək
12:29 29.05.2025
Yol polisi körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət edib
12:27 29.05.2025
Hamısı