Türkiyənin cənub-qərbində, Mərmərə dənizi sahillərində baş vermiş güclü zəlzələ nəticəsində bir nəfər həlak olub, 69 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya "X" sosial şəbəkəsində məlumat yayıb.
Nazir qeyd edib ki, 14 yaşlı uşaq panik atak nəticəsində həyatını itirib, digər yaralılar isə əsasən təşviş və yüksəkdən tullanma nəticəsində xəsarət alıblar. Onlardan 46 nəfəri xəstəxanaya yerləşdirilib. Nazir dağıntıların olmadığını da əlavə edib.
Zəlzələnin detalları
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin yerli vaxtla saat 02:17-də, Muğla şəhərinin yaxınlığında baş verdiyini bildirib. Yeraltı təkanların gücü 5.8 bal, episentri isə Mərmərə dənizindən 10.43 kilometr aralı, 67.91 kilometr dərinlikdə qeydə alınıb. Zəlzələ Muğla ilə yanaşı ətraf vilayətlərdə də hiss olunub.
Rəsmi açıqlamalar
Muğla valisi İdris Akbıyık "TRT Haber" kanalına verdiyi açıqlamada bildirib ki, təşvişə düşən bəzi şəxslər evlərini tərk edərkən pəncərədən və eyvandan atılıblar. Hazırda təhlükəsizlik qüvvələri və xilasedicilər bölgədə vəziyyəti nəzarətdə saxlayır və zərərçəkənlərə yardım göstərirlər.
Qeyd olunur ki, hazırda zəlzələnin ardınca təkrar təkanlar (afterşoklar) müşahidə olunur və yerli əhali mümkün təhlükələrə qarşı ehtiyatlı olmağa çağırılıb.
Fatimə Şükürova // EDnews