İspaniyada Vətəndaş müharibəsi zamanı (1936-39) siyasi leksikona daxil olan "Beşinci kolon” ifadəsi günümüzdə fərqli kontekstlərdə, amma oxşar mənada istifadə olunur.
Bu gün Azərbaycan da daxil olmaqla ölkələrdə fəaliyyət göstərən “Beşinci kolon” və onların əlaltıları digər siyasi aktorlar tərəfindən maliyyələşdirilir. Aldıqları məvacib müqabilində isə fəaliyyət göstərdiyi ölkədə əsasən daxili ixtişaş yaratmaqda istifadə olunurlar. Bundan başqa onlar təbliğat apararaq öz cəmiyyətlərinə xas yaşayış tərzlərini və cərəyanları yaymaqla məşğul olurlar. Məsələn, LGBT hüquqları, feminizm hərəkatı, seks inqilabı, azad gənclik adı ilə ölkələrin köklü mental dəyərlərini məhv etmək xüsusi qüvvələrə məxsus “Beşinci kolon” tərəfindən reallaşdırılır.
Bəs, bu gün “Beşinci kolon” ölkə siyasətinə necə təsir edir?
Ağ Partiyanın sədri Tural Abbaslı Ednews-a açıqlamasında bildirib ki, Azərbaycanda “Beşinci kolon” ifadəsi bir müddətdir ki, dillərdə dolaşır.
“Bu gün Azərbaycanda fəaliyyət göstərən Rusiyaya aid “Beşinci kolon”un iqtisadi, sosial, mədəni sahələr də daxil olmaqla bütün sahələrdə əlaltıları var. Rusiyanın mövqeyinə zidd bir hərəkət olduqda onlar ortaya çıxaraq xüsusi maraqları müdafiə edir, debatlara cəlb olunur və təkliflər verirlər. Onların əsas məqsədi Rusiyanın ölkədə maraqlarını və siyasi, iqtisadi asılılığı təmin etməkdir. Bu cür işlər görənlər məhz bu mərkəzlərdən maliyyələşirlər”.
Söhbət zamanı partiya lideri Azərbaycandakı “Beşinci kolon”nun ölkə siyasətinə göstərdiyi təsirlərindən də bəhs edib.
“Əsasən bu “Beşinci kolon” məxsus olduğu ölkənin və ya siyasi qrupun maraqlarını təmin etməyə çalışırlar. Onlar müxtəlif sferalarda möhkəmlənərək daxili və xarici siyasətə birbaşa təsir edir. Onların nəinki, siyasi, həmçinin iqtisadi, informasiya və s. yönümlü təsirləri də mövcuddur”.
Siyasətçi dövlət təhlükəsizliyi baxımından bu qrupların ifşa olunmasının lazım olduğunu da vurğulayır. Onun sözlərinə görə bu işdə pperativlik mühüm rol oynayır.
“Əgər hər hansı bir ölkənin daxilində başqa aktorların maraqlarını təmsil edən qruplar varsa, o ölkə tam müstəqil ola bilməz. Təhlükəsizlik məqsədilə bu qruplar ifşa edilərək zərərsizləşdirilməlidir. Azərbaycan bu məsələ ilə bağlı ciddi addımlar atmalıdır”.
Aysel Bədəlova