“Təkcə Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların sayı Azərbaycanda yaşayanlardan xeyli çoxdur, bir neçə dəfə çoxdur. Buna görə də, əlbəttə, onların təhlükəsizliyi, hüquqları, salamatlığı bizim üçün çox böyük əhəmiyyət kəsb edir”.
Ednews xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən bildirib.
“Biz taleyin hökmü ilə dövlətimizdən ayrı düşmüş azərbaycanlılara, həmçinin bizim qardaş türk dövlətlərinin digər xalqlarının dövlət sərhədlərinin hüdudlarından kənarda yaşayan çoxsaylı nümayəndələrinə kömək etmək, onların inkişafı, onların Azərbaycan dilini, Azərbaycan ənənələrini, Azərbaycan mədəniyyətini qoruyub saxlamaları, azərbaycançılıq prinsiplərinə sadiq olmaları və öz tarixi Vətəni ilə əlaqələri heç vaxt kəsməmələri üçün əlimizdən gələni edəcəyik”.
İlham Əliyev həmçinin bildirib ki, Türk dövlətlərinin bütün rəhbərləri bu və ya digər ölkələrdə onların qardaşlarının hüquqlarının necə təmin edilməsinə böyük əhəmiyyət verirlər.
“Buna görə də düşünürəm ki, qarşıdakı illərdə biz Türk Dövlətləri Təşkilatı çərçivəsində bu mövzunu - taleyin hökmü ilə Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrin hüdudlarından kənarda yaşayan qardaşlarımızın hüquqları, təhlükəsizliyi, milli identikliyi məsələlərini çox ciddi müzakirə etməliyik”.