"Artıq Rusiya əhalisi reallığı açıq-aydın dərk edir. Rus insanında çoxdan bu fikir formalaşıb ki, Rusiyanın tək xilası Putindən qurtulmasıdır".
Ednews xəbər verir ki, bu sözləri politoloq Qafar Çaxmaqlı bildirib. Onun sözlərinə görə, Birləşmiş Qərb də ölkə daxilindəki anti-Putin qüvvələrini bir araya gətirmək proyekti üzərində çalışmaqdadır.
"Amma hələ başarılı olmaq mümkün görünmür. Çünki rejim hələ qüvvəsini itirməyib və repressiv KQB üsulları tətbiq edilməkdədir. Putinin ətrafı daraldıqca onun iradəsinə uyğun olmayan bəyanatların sayı artacaq. Amma Qarabağla bağlı Rusiya XİN-in verdiyi bəyanatı Putinin zəifləməsi və bundan sui-istifadə halı hesab etmirəm. Bu, Rusiyanın ənənəvi siyasətidir, ona güvən olmadığını bilməliyik”. Q.Çaxmaqlı qeyd etdi ki, sabah Rusiya açıq şəkildə Ermənistanın tərəfindən çıxış etsə, buna da təəccüblənmək olmaz: “Zatən, 2020-ci ildən bəri onun öz maraqları üçün apardığı siyasət həm də Ermənistanın mənafeyinə xidmət edib. 10 noyabr sazişinə Ermənistan kimə güvənib əməl etmir? Bunları bilməliyik. Hesab etmirəm ki, Putin Rusiyada idarəçiliyi itirib. "Vaqner" qiyamından sonra özünü toparlamağa çalışan Putinin gələcəyi içəridəki dirənişçilərə bağlı olacaq. Xalq nəzdində onun heç bir dayağının olmadığı barədə gerçəkliklər Rusiyada hakimiyyət dəyişikliyini qaçılmaz edəcək. Ukraynadakı savaşın seyri bu prosesləri sürətləndirəcək. Ola bilsin, Putindən sonra Lavrov kimi tiplər söz sahibi olsun. Bütün bunların bizə birbaşa təsiri olacaq. Ona görə həll edilməmiş məsələlərimizi çözməyə tələsməliyik".
Oğuz