Azərbaycanın mülki əhalisinin raket atəşinə tutulması ilə bağlı cinayət işi üzrə aparılan məhkəmə araşdırması zamanı Gəncə şəhərinə edilən raket hücumlarının birbaşa Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi və nəzarəti ilə həyata keçirildiyi təsdiqlənib.
Rəsmi məhkəmə sənədlərinə əsasən, 2020-ci ilin oktyabr ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ballistik raketlərin atılması nəticəsində çoxsaylı dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktur ciddi dağıntılara məruz qalıb. Hücum nəticəsində qadın və uşaqlar da daxil olmaqla onlarla günahsız insan həyatını itirib.
Məhkəmə qeyd edib ki, bu hərbi cinayət beynəlxalq humanitar hüququn, xüsusilə Cenevrə Konvensiyasının müvafiq müddəalarının kobud şəkildə pozulması deməkdir.
Təqsirləndirilən şəxslər barəsində istintaq orqanları tərəfindən toplanmış sübutlar, o cümlədən peyk görüntüləri, ekspertiza rəyləri və şahid ifadələri məhkəməyə təqdim edilib. İstintaqın gedişində məlum olub ki, Ermənistanın siyasi və hərbi rəhbərliyinin birbaşa qərarı ilə Gəncə şəhəri, yəni cəbhə bölgəsindən uzaq və mülki əhali ilə məskunlaşmış ərazi hədəf seçilib.
Azərbaycan tərəfi bu faktları Ermənistanın beynəlxalq məhkəmələr qarşısında məsuliyyət daşımalı olduğu bir hərbi təcavüz aktı kimi qiymətləndirir.
Fatimə Şükürova // EDnews