ABŞ-ın süni intellektə əsaslanan çip istehsalçısı “Nvidia”nın səhmləri yeni rekorda çatıb və şirkət qlobal bazarda yenidən ən dəyərli şirkətə çevrilib.
“EDnews” xəbər verir ki, səhmləri bir gün ərzində 4% artan “Nvidia”nın bazar dəyəri 3,7 trilyon ABŞ dollarına yüksəlib və bununla da texnologiya nəhəngi “Microsoft”u geridə qoyaraq yenidən dünyanın bir nömrəli şirkəti olub. Bu artım sayəsində şirkətin icraçı direktoru Censen Huanqın şəxsi sərvəti bir gündə 5 milyard dollardan çox artaraq 135 milyard dollara çatıb.
“Financial Times”ın məlumatına əsasən, artımın əsas səbəbi Censen Huanqın çərşənbə günü keçirilən illik səhmdar toplantısında növbəti on il üçün optimist böyümə proqnozu təqdim etməsi olub. Huanq investorlarla bölüşdüyü açıqlamasında süni intellektin trilyonlarla dollar dəyərində yeni imkanlar yaratdığını bildirib.
“Biz süni intellekt infrastrukturu yaratmaq üzrə on il davam edəcək bir prosesin başlanğıcındayıq. Qlobal səviyyədə suveren süni intellektə olan tələbat artır”, deyə Huanq vurğulayıb.
"DeepSeek" və Çin məhdudiyyətləri şirkəti sarsıtmışdı
Cari ilin əvvəlində Çinin süni intellekt platforması “DeepSeek”in atılımı “Nvidia”nın qlobal AI infrastruktur bazarındakı liderliyinin davamlılığı ilə bağlı suallar yaratmışdı. “DeepSeek”in bazarda yaratdığı təzyiq nəticəsində “Nvidia”nın dəyəri qısa zamanda 600 milyard dollar azalmışdı.
Bundan əlavə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın Çinlə ticarət mübahisələri fonunda “Nvidia”nın Çin üçün nəzərdə tutulan H20 AI çiplərinə tətbiq edilən ixrac məhdudiyyətləri şirkətin səhmlərində yeni enişə səbəb olmuşdu. Bu məhdudiyyət “Nvidia”nın qarşıdakı illərdə 50 milyard dollar dəyərində olduğunu açıqladığı Çin bazarına girişini faktiki olaraq bağladı.
Şirkət ixrac nəzarət qaydalarına uyğun qalmaqla yanaşı, Çin bazarına xidmət göstərmək üçün “Blackwell” çiplərini yenidən dizayn etməyi planlaşdırır.
Lakin Huanqın son açıqlamaları investor inamını bərpa edib. “Futurum Group”un CEO-su Daniel Nyuman bildirib ki, “Nvidia”nın uğuru onun bazar dəyişikliklərinə son dərəcə sürətli reaksiya vermə qabiliyyəti ilə bağlıdır.
“Amazon və Microsoft kimi bulud xidmətləri təminatçıları öz süni intellekt infrastrukturunu qurmaq istəsələr də, hal-hazırda 'ən yaxşı texnologiya paketi' deyə biləcəyimiz sahədə 'Nvidia'dan üstün heç kim yoxdur”, deyə Nyuman əlavə edib.
Şirkət hər il yeni süni intellekt çipləri təqdim etməyi öhdəsinə götürüb. Hazırda böyük tələb görən “Blackwell” prosessorlarından sonra növbəti nəsil çip – “Vera Rubin”in təqdimatına hazırlıq gedir.