Rusiya ilə Ermənistan arasında münasibətlərdə gərginlik parlament seçkilərindən sonra daha da arta bilər.
EDnews xəbər verir ki, Ermənistanın “Hraparak” qəzeti diplomatik mənbələrə əsaslanaraq Rusiyanın iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini tanımayacağını istisna etmədiyini yazıb.
Nəşrin məlumatına görə, Qərbin bir sıra ölkələrinin liderlərindən fərqli olaraq, rəsmi Kreml hələ də Nikol Paşinyanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik etməyib.
Qəzet yazır ki, Moskvadan seçki prosesində baş verdiyi iddia olunan pozuntularla bağlı müxtəlif qiymətləndirmələr səsləndirilib.
“Həmçinin mənbəmizin bildirdiyinə görə, Rusiya hakimiyyəti seçkilərin nəticələrini təbrik etmədən nəzərə ala bilər və bununla da Paşinyanın Rusiyaya qarşı siyasətinə münasibətini ifadə edə bilər”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, son günlər Ermənistan mediasında Rusiya Prezidenti Vladimir Putinin Nikol Paşinyanı parlament seçkilərində qələbəsi münasibətilə hələ də təbrik etməməsi geniş müzakirə olunur.
Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə bildirib ki, Rusiya Ermənistan seçkilərinin rəsmi nəticələri açıqlandıqdan sonra Paşinyana təbrik göndərilməsi məsələsinə baxacaq.
Ermənistan Mərkəzi Seçki Komissiyasının seçkilərin yekun nəticələrini iyunun 14-də açıqlayacağı gözlənilir.
Qeyd edək ki, iyunun 12-də Nikol Paşinyan Rusiya Günü münasibətilə Vladimir Putinə təbrik məktubu ünvanlayıb.







