Bildiyimiz kimi 1-8 iyul tarixlərində müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin keçirilməsi nəzərdə tutulub.
Təhsil eksperti Rizvan Fikrətoğlu müəllimlərin işə qəbulu müsabiqəsində MİQ imtahanı və müsahibə mərhələsinin müəllimlik peşəsinin keyfiyyətinin artmasında necə rol oynaması barəsində EDnews-a danışıb.

O vurğulayıb ki, MİQ imtahanı və müsahibə mərhələsi müəllimlik peşəsinin keyfiyyətinin inkişaf etdirilməsində mühüm rol oynayır. Lakin bu mərhələlərin təsiri onların nə dərəcədə obyektiv və effektiv təşkil olunmasından asılıdır.
Ekspert hesab edir ki, bu mərhələlərdə müəllimlərin ixtisas bilikləri, pedaqoji bacarıqları yoxlanılır:
“Nəticə etibarilə, MİQ imtahanı məktəblərə hazırlıqlı namizədlərin qəbuluna imkan yaradır. Həmçinin bu imtahan müəllimlərin işə qəbulu zamanı şəffaflığı, rəqabəti artırır, subyektiv amillərin təsirini azaldır. MİQ-in davamı sertifikasiya imtahanıdır. Bu imtahan müəllimləri daim öz üzərində işləməyə, yenilikləri tətbiq etməyə təşviq edir. Ümumiyyətlə, təhsil müəssisələrində peşəkarlıq səviyyəsinin yüksəlməsinə MİQ imtahanı şərait yaradır”.
Təhsil ekspertinin sözlərinə görə, müsahibə mərhələsinin rolu böyükdür. Bu mərhələ namizədlərin ünsiyyət bacarıqlarını, nitq mədəniyyətini, pedaqoji yanaşmasını qiymətləndirməyə imkan verir:
“Əlavə olaraq, sinfi idarə etmək, problemi həll etmək, etik davranışlar-testlə ölçülməsi mümkün olmayan bacarıqlar üzə çıxır. Bu mərhələ müəllimlik peşəsinə motivasiyanı, peşəyə uyğunluğu müəyyən etməyə kömək edir. Bununla yanaşı, yalnız test nəticələri yüksək olan namizədlərin qəbul olacağına zamin yaratmır”.
O əlavə edib ki, MİQ test imtahanı ilə yanaşı, müsahibə və praktiki dərs nümunələri və müəllimin peşəkar fəaliyyətinin kompleks qiymətləndirilməsi də olmalıdır. Nəticə etibarilə, test imtahanı müəllimlərin bilik səviyyəsini, müsahibə isə onların şəxsi bacarıqlarını qiymətləndirərək məktəblərə daha hazırlıqlı müəllimlərin cəlb edilməsinə xidmət edir. Bu da uzunmüddətli perspektivdə təhsilin keyfiyyətinin yüksəlməsinə müsbət təsir edir.
Sayad Qoşnalıyeva | EDnews




.png)


.png)