Azərbaycan Xarici İşlər Nazirliyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) nın baş katibi Nikolay Bordyujanın Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən hadisə ilə bağlı şərhinə münasibət bildirib.
Nazirlikdən verilən bəyanatda deyilir:
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibinin məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edirik. KTMT-nin Baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ Respublikası” kimi müraciət etməsi qəbuledilməzdir.
KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterberq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir”.
Qeyd olunub ki, Azərbaycan Respublikası münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək.