Gürcüstanın siyasi gündəmi bu günlərdə gözlənilməz hadisə ilə silkələndi. Baş nazirin müavini və eyni zamanda daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomelauri istefa verdiyini rəsmən açıqlayıb.
EDnews xəbər verir ki, Qomelauri bu qərarını şəxsi səbəblərlə – ailəsinə daha çox vaxt ayırmaq arzusu ilə izah edib:
“Mən 10 ildən artıq müddətdə Gürcüstanın daxili işlər naziri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri və baş nazirin müavini vəzifələrində çalışmışam. Bu illər ərzində ən yüksək dövlət postlarını tutmaq çox əmək və böyük enerji tələb edir. Hazırda ölkədə vəziyyət sabitdir. Məhz bu səbəbdən bu mərhələdə vəzifəmi tərk etməyə qərar verdim və komandamdan xahiş etdim ki, ailəmə – həyat yoldaşıma, övladlarıma və yeni doğulmuş nəvəmə daha çox vaxt ayırmağım üçün mənə imkan versinlər”, – deyə o bildirib.
Qomelaurinin gedişi Gürcüstanın daxili siyasətində mühüm bir mərhələnin sonu kimi qiymətləndirilir. Onun rəhbərliyi dövründə təhlükəsizlik və sabitlik sahəsində bir sıra islahatlar həyata keçirilmişdi.
Yeni daxili işlər nazirinin kim olacağı və bu dəyişikliklərin Gürcüstan siyasətinə hansı təsirləri göstərəcəyi yaxın günlərdə bəlli olacaq.
Fatima Şükürova // EDnews