Qırğızıstanın məhkum olunmuş sabiq dövlət başçısı Almazbek Atambayev müraciət edərsə, ona amnistiya verilə bilər.
“EDnews” xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov "Kabar" dövlət informasiya agentliyinə verdiyi müsahibədə bəyan edib.
Qeyd edək ki, iyunun 3-də Bişkekin Pervomayski Rayon Məhkəməsi Atambayevi 11 il 6 ay müddətinə qiyabi azadlıqdan məhrum edib. O, Çuy vilayətinin Koy-Taş kəndində torpaq sahələrinin qanunsuz əldə olunması, Bişkek İstilik Elektrik Mərkəzinin modernizasiyası zamanı korrupsiya faktları, həmçinin 2019-cu il avqustun 7-8-də Koy-Taş kəndində baş vermiş kütləvi iğtişaşların təşkilində təqsirli bilinib.
"Heç kim məhkəmə qərarını dəyişə bilməz. Hətta mənim belə bir səlahiyyətim yoxdur. Amma mənim başqa bir hüququm var - amnistiya hüququ. Əgər bu istiqamətdə müraciət olunsa, amnistiya verə bilərəm", - deyə Japarov bildirib.
Dövlət başçısı qeyd edib ki, Koy-Taş hadisələrindən artıq altı il ötüb.
"Artıq hər şey soyuyub. Fikrimcə, məhkəmə bu qədər sərt olmaya bilərdi. Bu, heç kimə sırınan fikir deyil, şəxsi vətəndaş mövqeyimdir. Probasiya və ya cərimə ilə kifayətlənmək daha məqsədəuyğun olardı. Amma digər tərəfdən, həmin hadisələr zamanı bir nəfər həlak oldu, təxminən yüz nəfər yaralandı. Məhkəmənin qərarı - sərt və ya yumşaq olmasından asılı olmayaraq, qanun çərçivəsində qəbul edilib. Biz onun icrasını təmin etməyə borcluyuq", - deyə Japarov vurğulayıb.