Rektor: "Məqsədimiz dini və dünyəvi biliklərə malik mütəxəssislər yetişdirməkdir" | Eurasia Diary - ednews.net

21 Avqust, Çərşənbə


Rektor: "Məqsədimiz dini və dünyəvi biliklərə malik mütəxəssislər yetişdirməkdir"

Elm və texnologiya A- A A+
Azərbaycan İlahiyyat İnstitutu öz dəst-xətti olan bir institutdur. Tezliklə doktorantura pilləsində də təhsil verməyə hazırlaşan Azərbaycan İlahiyyat İnstitutunda, sadəcə, din xadimləri deyil, həmçinin, pedaqoqlar da hazırlanır. Keyfiyyətli təhsil vermək, tarixinə, mədəniyyətinə, dilinə bağlı insan yetişdirmək, zəngin dünyagörüşü olan din xadimləri hazırlamaq institutun əsas hədəflərindəndir.
 
İnstitutun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovun sözlərinə görə, institutun yaradılması zərurəti, ilk növbədə, ölkədə tarixən mövcud olan yüksək mənəvi mühitin qorunması ehtiyacından doğdu. Azərbaycan dünya ölkələri arasında öz nüfuzu, mövqeyi, maraqları olan dövlətdir və ona təsir göstərmək üçün bir çox vasitələrdən, o cümlədən, dindən istifadə edilməsi gözləniləndir. Dövlət olaraq Azərbaycanda bu ehtimal nəzərə alınmalı, ölkənin dini təhlükəsizliyi təmin edilməlidir. Bu, zərurətdir: "Başqa bir zərurət isə bu sahədə ehtiyac duyulan kadr hazırlığı ilə bağlıdır. Zaman-zaman müşahidə olunan dini təsirlərin qarşısının alınması üçün ölkədə mütəxəssislərin yetişdirilməsinə ehtiyac açıq görünürdü. Müasir dövrdə din dünyada elmin bir sahəsi kimi araşdırılır, öyrənilir. Dinə elmi yanaşma, dinin elmi baxımdan öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizdə çoxlu sayda məscid, kilsə, sinaqoq var. Onların dini mütəxəssislərlə təminatına ehtiyac var. İndiyədək bu sahədə kadr hazırlığı kiçik miqyaslı, pərakəndə təşkil edilib. Müxtəlif təhsil müəssisələrində dinlə bağlı müəyyən ixtisaslar tədris olunur. Həmin ixtisasları tədris edəcək kadrlar da hazırlanmalıdır. Hüquq-mühafizə də daxil olmaqla, dövlət orqanlarında bu sahənin mütəxəssislərinə xüsusi ehtiyac var. Azərbaycan İlahiyyat İnstitutunun qarşısına bir sıra məqsəd və hədəflər qoyulub. Əsas məqsədlərdən biri müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsidir".  
 
DÜNYƏVİ TƏHSİL  
 
Rektor deyir ki, Azərbaycan dünyəvi dövlət olduğu üçün burada tədris də dünyəvi mahiyyətdədir: "Biz ənənəvi üsullarla yanaşı, dövrün tələblərinə uyğun daha müasir metodlarla tələbələrə dərs deməyə səy göstəririk. Məqsədimiz yüksəkixtisaslı ilahiyyatçı kadrlar yetişdirməkdir. Dinə elmi yanaşırıq və onu elmi əsaslarla, dünya təcrübəsinə uyğun tətbiq edirik. Biz burada Din fəlsəfəsi, Dinin psixologiyası, sosiologiyası, müqəddəs mətnlər, hind-Çin dinləri, Xristianlıq, Yəhudilik, müqəddəs kitabların müqayisəli təhlili kimi tədrisi geniş spektrdə həyata keçiririk. İnstitutu bitirən tələbələrin gələcəkdə xarici ölkələrdə təhsillərini müxtəlif istiqamətlərdə davam etdirmələri, xarici dil biliklərini təkmilləşdirmələri nəzərdə tutulur. Xarici dilləri yüksək səviyyədə bilən ilahiyyatçılara da ehtiyacımız var ki, onlar bizi müxtəlif ölkələrdə layiqincə təmsil etsinlər. Əsas hədəflərdən biri də odur ki, yetişdirdiyimiz şəxslərdə dövlətçilik mövqeyi, Vətənə bağlılıq, sevgi olmalıdır. Eyni zamanda, dini kimlik milli kimlikdən üstün tutulmamalıdır".  
 
PEDAQOJİ FƏALİYYƏTLƏ MƏŞĞUL OLMAQ MÜMKÜN OLACAQ  
 
S.Məmmədov bildirib ki, İnstitutda bir fakültə var: İlahiyyat fakültəsi. Fakültədə 3 kafedra fəaliyyət göstərir: İslamşünaslıq, Dinşünaslıq, Dillər və ictimai fənlər kafedraları. Bakalavr səviyyəsində İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə 102 tələbə, 5 ixtisas üzrə 7 tələbə magistratura pilləsində təhsil alır. Magistratura səviyyəsində İslamşünaslıq, Dinin psixologiyası, Dinin sosiologiyası və Dinlərin tarixi ixtisasları üzrə hazırlıq həyata keçirilir. Magistraturada ixtisaslaşma aparılmalı olduğu üçün bu pillədə daha çox ixtisas üzrə hazırlıq həyata keçirilir. Onlar gələcəkdə həm də pedaqoji fəaliyyətlə məşğul olmaq imkanı əldə edirlər.
 
ÖDƏNİŞSİZ TƏHSİL, AVROPA, AMERİKA VƏ ŞƏRQ ÖLKƏLƏRİNDƏ TƏHSİL ALMAQ İMKANI...  
 
Rektorun dediyinə görə, Azərbaycan İlahiyyat İnstitutunda təhsil ödənişsizdir. Bütün qəbul olan tələbələr təqaüdlə təmin edilirlər. Təhsilalanlar beynəlxalq mübadilə proqramları vasitəsilə bir semestr, yaxud daha artıq Avropa, Amerika və Şərq ölkələrində təhsil almaq imkanı əldə edirlər: "Eyni zamanda, yüksək nəticə ilə məzun olan bakalavrlar ixtisasları üzrə magistratura və doktorantura təhsilini dövlət xətti ilə xarici ölkələrdə davam etdirə bilərlər. İnstitutu bitirənlər Azərbaycanın elm və təhsil müəssisələri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumlarında, həmçinin, din xadimi kimi işləmək imkanı qazanacaqlar. İnstitutun əsas fərqli cəhətlərindən biri dövlət təhsil müəssisəsi olması və dövlət tərəfindən maliyyələşdirilməsidir. Əsas özəlliklərimizdən biri də bu təhsil müəssisəni bitirənlərin işlə təmin olunmasıdır. Onların institutu bitirəndən sonra işlə təmin olunması ilə bağlı planlarımız var və bu istiqamətdə işlər aparılır".
 
İSLAMŞÜNASLIQ İXTİSASI ÜZRƏ QABİLİYYƏT İMTAHANI  
 
C.Məmmədov qeyd edib ki, növbəti tədris ili üçün İnstitutda 72 plan yerinin ayrılması nəzərdə tutulub. Ümumiyyətlə, istənilən məktəbli Azərbaycan İlahiyyat İnstitutunu seçə bilər. Bunun üçün III ixtisas qrupu üzrə imtahanlarda iştirak etmək kifayətdir. Yalnız İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı tələb ediləcək. Belə ki, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali məktəblərə qəbul imtahanından keçərək tələb olunan müvafiq keçid balını toplayanlar İslamşünaslıq ixtisası üzrə qabiliyyət imtahanı da verməlidirlər: "Qabiliyyət imtahanı zamanı ilk növbədə onların bu sahəyə marağı nəzərə alınacaq. Çünki bu ixtisas üzrə hazırladığımız kadrların əsasən din xadimi kimi fəaliyyəti nəzərdə tutulur. Ona görə də bu ixtisasa din xadimi kimi fəaliyyət göstərməyə marağı olanların seçilməsini nəzərdə tuturuq. Qabiliyyət imtahanı da götürməklə həmin ixtisasa hazırlığın səmərəliliyini artırmağı düşünürük. Əvvəlcədən bu ixtisası seçən abituriyentlərlə mütləq görüşür, onları psixoloji testdən keçiririk. 
 
Yanaşmamız ondan ibarətdir ki, din xadimləri gələcəkdə kütlə ilə işləyəcəklər. Əhali, insanlarla daimi münasibətdə olacaqlar. Ona görə də bu ixtisasa qəbul olunanların qabiliyyəti, düşüncəsi, psixoloji durumu, iradəsi, təsirə nə dərəcədə məruz qalması, ən əsası, ixtisasa marağı nəzərə alınmalıdır. Bu sahədə kadrlara ehtiyac var və həmin ixtisasa qəbul olunanların bu sahəyə marağı onların həmin sahədə işləyəcəyinin təminatı ola bilər. Hesab edirəm ki, Azərbaycan İlahiyyat İnstitutu artıq tanınır. Cəmiyyətdə bu təhsil müəssisəsi ilə bağlı kifayət qədər məlumat var. Öz tələbələrimiz də fəal şəkildə institutun təbliğatını aparırlar. Müşahidələr göstərir ki, institutumuza rəğbət get-gedə artır. Azərbaycan İlahiyyat İnstitutunda təhsil almaq istəyənlərin sayı çoxdur. Bununla bağlı kifayət qədər müraciət alırıq. Bir faktı qeyd edim. İnstituta qəbul elan olunanda keçid 150 bal müəyyənləşdirdik. Fəaliyyətə yenicə başlayan bir ali təhsil müəssisəsi üçün kifayət qədər ürəkaçan nəticələr qeydə alındı. Ali məktəblərə keçirilən qəbul imtahanlarında institutumuzu seçən abituriyentlər arasında ən aşağı nəticə 177 bal idi. Həmin qəbulda 400-440 balla instituta qəbul olunan tələbələrimiz oldu. Növbəti tədris ilində institutumuza daha yüksəkballı tələbələrin qəbul olacağını düşünürük. Ancaq düşünməklə, gözləməklə kifayətlənmirik. Hesab edirik ki, bölgələrdə institutumuzu seçəcək çoxsaylı gənclər var. Onların da müəyyən fikirləri, sualları, tərəddüdləri ola bilər. Odur ki, tələbəmiz ola biləcək həmin uşaqları və onların valideynlərini məlumatlandırmaq məqsədi ilə bölgələrə səfərlər təşkil etdik. Bunun üçün də 2019-2020-ci tədris ili üzrə instituta yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə ölkənin bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri həyata keçiririk".  
 
YEGANƏ TƏLƏB OXUMAQ  
 
C.Məmmədovun sözlərinə əsasən, tələbə mərkəzli bir ali məktəb olmaqları ən böyük üstünlükləridir: "Artıq qeyd etdiyim kimi, təhsil tamamilə ödənişsizdir. Tələbələrimiz minimum 75 manat təqaüd alır. Onlara yemək pulu da verilməsi nəzərdə tutulub. Bu da əlavə olaraq onlara 80-100 manat veriləcəyi deməkdir. Hazırda 30 tələbəmizə Mənəvi Dəyərlərin Təbliği Fondunun xətti ilə hər ay 100 manat təqaüd verilirsə, gələcəkdə onların da sayı artırılacaq. Bütün tələbələrimizin yataqxana ilə təmin olunması və ya yaşayış yeri üçün xərcinin ödənilməsi də nəzərdə tutulub. Hazırda tələbələrimizin bir qismi üçün bu vəsaiti ödəyirik. Ancaq gələcəkdə bu, bütün tələbələrə şamil olunacaq. Tələbələrimizin vahid geyim forması da təhsil müəssisəsi tərəfindən təmin edildi. Başqa təhsil müəssisələrində ödənişli olan, amma bizdə tamamilə pulsuz yaradılan imkanlardan da danışa bilərəm, məsələn: ölkədəki bütün ali təhsil müəssisələrində tələbənin buraxdığı, iştirak etmədiyi dərslərin sayı 25 faizi keçərsə, onlar üçün sonradan təşkil edilən imtahanlar mütləq ödənişli olmalıdır. Lakin institutumuzda tələbələrin alt qrupda oturması və imtahan verməsi ödənişsizdir. Bir sözlə, İlahiyyat İnstitutunda nəinki imtahan, hətta dərs vəsaiti belə ödənişli deyil. Dərslikləri də biz təmin edirik. Hazırda tələbələrimiz heç nəyə vəsait ödəmir. Onların bütün ehtiyacını dövlət qarşılayır. Bunun qarşılığında yeganə istəyimiz isə oxumaqlarıdır. İnstitutumuz ali təhsil verir. Tələbələrimiz dövlət qurumlarında çalışmaq imkanına malik olacaqlar. İlahiyyat İnstitutunu bitirənlər tam ali təhsilli şəxslərdir. Hətta hüquq-mühafizə orqanlarında, təhsil sistemində çalışa bilərlər".  
 
İNSTİTUTUN HƏDƏFLƏRİ  
 
Rektor vurğulayıb ki, İnstitutun qarşısında duran bir neçə əsas hədəf var. Onlardan biri də, Azərbaycan hüdudlarından kənarda yaşayan azərbaycanlıları təhsil prosesinə cəlb etməkdir. Bununla bağlı Prezident İlham Əliyevin tövsiyələri, göstərişləri var: "Bilirsiniz ki, xarici ölkə vətəndaşları Azərbaycanda ödənişsiz təhsil ala bilməzlər. Amma biz başqa ölkələrin vətəndaşları olan azərbaycanlıların pulsuz təhsil almaq imkanları üzərində düşünürük. Növbəti illərdə, institut olaraq tam formalaşdıqdan sonra xaricdən tələbələrin daha geniş şəkildə cəlbini düşünürük. Bunun üçün də ingilis, rus, ərəb dillərində qrupların yaradılması ilə bağlı fikirlərimiz var. Düşünürəm ki, bu planımızın reallaşdırılması zamana bağlı olacaq. Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. Müsəlman ölkələrində keçirilən böyük miqyaslı tədbirlərdə, layihələrdə fəal iştirak edirik. İlahiyyat İnstitutunun məqsədyönlü fəaliyyəti sayəsində ölkəmiz yaxın vaxtlarda əsas dini təhsil mərkəzlərindən birinə çevrilə bilər. Hesab edirəm ki, buna imkanımız var. Müəllimlərimizin böyük əksəriyyəti ingilis, ərəb dillərini yüksək səviyyədə bilirlər. Fars və ivrit dillərini bilənlərimiz də var. Bu baxımdan imkanlarımızın geniş və əhatəli olduğunu düşünürəm. Hədəflərimizin əksəriyyətinə nail olmuşuq. Hesab edirik ki, qısa müddətdə bir çox layihələri həyata keçirdik. Görüləcək işlər isə çoxdur. Bizdən asılı olmayan işlər də var. Ümumən götürdükdə, bir kollektiv olaraq bu müddətdə kifayət qədər səmərəli və məhsuldar çalışdıq".
 
S.QARAYEVA

525.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...