"Sovet dövründə dinə qarşı olan təzyiqlər bu sahədə bir boşluq yaratmışdı. İslami dəyərlər, dinlə bağlı fikirlər arxa planda idi".
Eurasia Diary xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Qafqazda İslam sivilizasiyasının yayılmasında Qafqaz Müsəlmanları İdarəsinin özünəməxsus rolu olub: "Lakin bu, yalnız müstəqillik illərindən sonra geniş həyata keçirilməyə başlanılıb. Azərbaycan müstəqilliyini yeni əldə edəndə ölkədə yalnız 17 məscid fəaliyyət göstərirdi. İndi isə Azərbaycanda 2500-dən çox məscid var. İslam Qafqazda yayıldığı dövrdə İrəvan xanlığında da məscidlər olub. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü, eyni zamanda İslama qarşı qərəzli mövqeyi bu ərazidə İslama aid mədəniyyət nümunələrinin tədricən məhvinə səbəb olub".
M. Qurbanlı qeyd edib ki, hesablamalara görə, Ermənistanda Azərbaycan türklərinə və İslama aid minlərlə mədəniyyət ocağı dağıdılıb. (APA)