Kamran Əsədov: “Diplomların tanınması məsələsi də artıq müasir dünyada öz əhəmiyyətini itirir”
Ali təhsilli şəxslər əmək bazarında yer tuta bilmir. Universitetlərdə praktik deyil, nəzəri biliklərə üstünlük verilməsi ali təhsilli kadrların əmək bazarının tələblərinə cavab verə bilməməsi ilə nəticələnir. Araşdırmalara görə, ali təhsilli şəxslərin 50 faizi belə özlərinə iş tapa bilmirlər. Bununla belə, ölkəmizdə diplomlarla bağlı problemlər yaranır. Həmçinin xaricdə təhsil alan şəxslərin diplomlarının tanınmasında çətinliklər yaranır. Təhsil Nazirliyi əksər xarici universitetlərin sənədlərini təsdiqləmir ki, həmin universitetlərin məzunları bir sıra problemlərlə üzləşirlər.
Azərbaycanda bir sıra sahələrdə, o cümlədən də dövlət qulluğunda işə qəbulun müsabiqə yolu ilə aparılması da bu durumla ziddiyyət təşkil edir. İşə qəbul prosesinin imtahan, müsabiqə yolu ilə təşkil olunması sanki, ali təhsil müəssisələrinin diplomlarına olan inamsızlığı nümayiş etdirir.
Belə olan halda, Təhsil Nazirliyinin diplom inadkarlığı hansı əhəmiyyət daşıyır?
Təhsil eksperti Kamran Əsədov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, müasir dünyada təhsil haqqında sənəd önəmli rol oynamır:
“Məsələn, ABŞ-da tikinti, dizayn, xidmət sektorlarında işə qəbulla bağlı müraciət edən şəxslərin diplomları deyil, bilik və bacarıqları yoxlanılır. Azərbaycanda maşın ustaları var ki, onlar maşınqayırma ixtisasları üzrə ali təhsil almayıblar, amma bu sahədə kifayət qədər bilik və bacarıqlara malikdirlər. Hətta onların həmin sahədəki bilikləri ali təhsilli şəxslərinkindən daha çoxdur. Bu da onu göstərir ki, əmək bazarında müəyyən ixtisaslar var ki, o sahədə çalışmaq üçün diplom əsas rol oynamır. Turizm bələdçisi, turizm idarəetməsi, biznes idarəetməsi kimi ixtisaslarda fərdlərin şəxsi keyfiyyəti daha zəruridir”.
Təhsil eksperti deyir ki, Azərbaycan ali təhsil müəssisələri zamana uduzur:
“Bizim ali təhsil müəssisələrimiz köhnə bilikləri, ölü informasiyaları tələbələrə çatdırırlar. Məsələn, biz 2003-2007-ci illərdə bakalavr pilləsində nə keçmişdiksə, 16 il sonra - 2019-cu ildə də həmin dərslər keçilir. Məgər, bu sahədə 16 il ərzində hər hansı bir yenilik olmayıb? Buna görə də bir sıra sahələrdə ali təhsilli olmayan şəxslər daha böyük uğurlar əldə edirlər. Çünki onlar müasir dövrün tələblərini daha yaxından izləyirlər. Bu onu deməyə əsas verir ki, bir çox istiqamətlər üzrə şəxslərin bilik və bacarıqları varsa, onları imtahan, müsahibə, müsabiqə yolu ilə işə qəbul etmək olar. Bu təcrübə Amerika və Avropa ölkələrinin bir çoxunda artıq tətbiq olunur. Onlar işə qəbul prosesində müraciət edən şəxslərin bilik və bacarıqlarını hansısa sənədlə deyil, özlərini təsdiqləməsi yolu ilə yoxlayırlar. ABŞ-ın məşhur şirkətlərində kifayət qədər ali təhsili olmayan İT mütəxəssisləri, dizaynerlər çalışlar. Azərbaycanda da musiqi, rəsm müəllimi ixtisasları üzrə yaradıcılıq qabiliyyəti olan şəxslərə işləmək imkanı yaradıla bilər. Bizdə keçmişdə bu ixtisaslarla məşğul olan adamların ali təhsili yox idi, amma mütəxəssis idilər. Əmək bazarına baxsaq, qəbul imtahanlarında 700 bal toplamış bir nəfər belə mütəxəssis görə bilmərik. Yüksək ballı məzunlar, qızıl medalla, fərqlənmə diplomu ilə ali məktəbi bitirənlər belə, əmək bazarında yer tuta bilmir. Araşdırmalara görə, Azərbaycan ali təhsil müəssisələrini bitirənlər yalnız 42 faiz işləyə bilirlər. Deməli, faydalılıq əmsalı 50 faizdən də aşağıdır”.
Bir sıra xarici ölkə diplomlarının ölkəmizdə tanınmamasına gəlincə, Kamran Əsədov bildirib ki, qaydalara görə, həmin təhsil Azərbaycanın normativ aktlarına uyğun olmalıdır:
“Diplomların tanınması məsələsi də artıq müasir dünyada öz əhəmiyyətini itirir. Ali təhsilli olmaq, keyfiyyətli kadr olmaq demək deyil. Dünyada diplom artıq yalnız müəyyən qədər təsdiqedici sənəd kimi tanınır. Distant təhsil isə təhsilalma formalarından biridir. Bu forma xərcləri aşağı salır. Bizdə qiyabi təhsil distant təhsillə əvəzlənməlidir ki, bu sahəyə yeni nəfəs gəlsin”.