Azərbaycanın rayon və bölgələrində hələ də gənc qızlarımızın karyera və asudə vaxtlarının təşkilində bir çox maneələr vardır. Bu maneələr sırasında cəmiyyətin təzyiqi xüsusi yer tutur. Qızlarımızın müxtəlif məşğuliyyətlərlə hətta ən sadə işlərlə məşğul olması cəmiyyətimizin sərt reaksiyası və qınağı ilə üzləşir.
Lakin hər bir cəmiyyətdə olduğu kimi bir çox fədakar gənclər bu stereotipləri qırmağa çalışaraq xalqın və ölkənin inkişafı uğrunda ciddi əmək sərf edirlər. BMT-nin Uşaq Fondunun və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi Azərbaycan Gənclərinə Dəstək Proqramı (AYAP) layihəsi bu qəbildən olan gənc qəhrəmanları bir yerə toplayaraq toplumun inkişafına fayda vermək imkanı yaradır.
Cəmiyyətimizin inkişafı uğrunda öz səylərini əsirgəməyən və qızlarımızın taleyini dəyişmək istəyən qəhrəmanlarımızdan biri də Çinarə Surxaylıdır. O, Bərdə rayonunun sakinidir və AYAP layihəsinin Bərdə rayon Məşvərət Şurasının üzvüdür. Çinarənin geniş maraq dairəsi onu bir çox fəaliyyətlərdə iştirak etməyə sövq edib. Belə ki, o, ilk öncə təhsilini davam etdirərək Bərdə rayon İdarəetmə və Texnologiya kollecinə daxil olub və kolleci müvəfəqqiyətlə bitirib. Çinarə asudə vaxtlarını hədər verməyərək bir çox könüllü fəaliyyətlərə qoşulub. O, ASAN Xidmətdə və İcra hakimiyyətində könüllü olaraq fəaliyyət göstərib.
Çinarə öz həmyaşıdlarının da bu cür fəaliyyətlərdə olması və xüsusilə qızların boş vaxtlarının səmərəli keçməsi üçün təşəbbüs olaraq bir çox layihələrə qoşulmaq qərarına gəlib. O, istəyir ki, Bərdədə və digər bölgələrimizdə yaşayan qızlar da onun kimi fəal olsunlar və özlərini inkişaf etdirsinlər. Çinarənin bu fikirləri sadəcə arzu olaraq saxlamır və onun həyata keçməsi üçün də əmək sərf edir.
Gənc qızlar üçün nəzərdə tutlan AYAP-ın “Velopark” layihəsində iştirakı artıq onun digər şəxslərin inkişafında rol oynamasının ilk addımlarındandır.
Bərdədə gənclərin vaxtlarının səmərəli təşkili üçün bir çox çatışmazlıqlar mövcuddur. Eyni zamanda qızların daha da sərbəst olmaları üçün də imkanlar çox azdır.
“Velopark layihəsinin müzakirəsi zamanı biz düşünürdük ki, görəsən Bərdədə gənclərin səmərəli istifadəsi üçün çatışmayan nədir. Rayonumuzda olan veloparklardan sadəcə oğlanlar istifadə edirdi və xanımlar çox az iştirak edirdi. Çünki bizim rayonlarda qızların velosiped sürməsinə düzgün yanaşılmır. Ona görə də bu tip düşüncələr bir çox hallarda xanımlarımızda özünə qapanma hissləri yaradır. Məhz bu qınağı aşmaq üçün biz "Velopark" layihəsi ideyasına gəldik”, deyə Çinarə layihənin necə yarandığını izah etdi.
Qeyd edək ki, "Velopark" layihəsi çərçivəsində velosipedlər, skeytlər, qoruyucu dəbilqə və dizliklər alınıb və istifadə etmək istəyən gənclərə təqdim edilir.
Qınaq obyektini qırmaq üçün ilk baxışda bu layihə bəlkə də kiçik görünə bilər lakin əldə olan maliyyə dəstəyi və imkanları da nəzərə alsaq "Velopark" bu işdə çox böyük uğur hesab edilə bilər. Düşünün ki, bizim bölgələrdə qızların parklarda gəzməyi, velosiped və digər vasitələrdən istifadə etməyi olduqca məhdudlaşdırılır. Əksər qızlar bu cür əyləncələrdən məhrum olurlar.
Bu ideyanın təbliğatı və gənclərin buna cəlb edilməsi üçün AYAP-ın üzvləri əsasən məktəblərdə fəaliyyətə başladılar.
“Əsasən 13-25 yaş aralığında qızların iştirakı nəzərdə tutulurdu, lakin 26 yaşdan yuxarı belə bəzi şəxslər də cəlb olunmuşdu. Məktəblərdə gənclər bu layihəyə çox maraq göstərirdilər hətta müəllimlər də bizim bu təşəbbüsümüzü müsbət qarşılayırdılar. Gənclərimizin, valideynlərimizin və müəllimlərin sevincləri onların üzlərində əks olunurdu”, Bunları Çinarə layihənin təbliğatının necə qarşılandığından bəhs edərkən söylədi.
Layihə çərçivəsində hətta ataların qızlarını həvəsləndirmələri ən təsiredici məqamlardan biri idi. Layihənin təşkilatçıları və hətta Çinarə özü də velosiped sürməyi bunun sayəsində öyrənib.
“Bərdədə xanımların vaxtlarını keçirmək üçün çox az saylı məşğuliyyətlər və əyləncə üsulları var. Məkəb və evdən başqa sadəcə olaraq parklarda gəzmək, hazırlığa və kollecə getmək kimi imkanlar var. Təbii ki, könüllü fəaliyyətlər də mövcuddur lakin bu çox da inkişaf etməyib. Bununla da qızların sosiyallaşması çox məhdudlaşır”.
Könüllü fəaliyyətlər rayon yerlərində kifayət qədər inkişaf etməyib və eyni zamanda insanların da buna münasibəti birmənalı deyil.
“Valideynlər hətta övladlarının könüllü fəaliyyətinə razı olmur. Bunu boş bir məşğuliyyət hesab edirlər. Bizim rayonda qızların hətta toplaşacaq və söhbət edəcək iaşə obyektləri belə yoxdur. Bunun üçün hətta gənclər evinin açılmasını düşünürük. Bakı ilə müqayisədə, Bərdədə qızların sərbəstliyi çox aşağıdır və hətta parklarda belə sərbəst hərəkət edə bilmirlər. Bəzi qızlar hətta parka belə gedə bilmir”, Çinarə bölgələrdəki vəziyyəti belə izah etdi.
Lakin Çinarə və AYAP-ın gəncləri bu halla razılaşmır, onlar qızların inkişafı və kareyra qura bilməsi üçün mövcud imkanlardan maksimum istifadə etməyə çalışırlar.
“Biz bu qınaqları yıxmaq üçün və kənar fikirləri azaltmaq üçün bu layihələri düşünürük. İnsanların gözləri öyrəşməlidi ki, qızlar da velospied sürə bilər, parka yığışıb skeyt sürə bilıər və ya söhbət edə bilər. Biz istəyirik ki, qızlar artıq kənar düşüncələrin təsirinə çox da məruz qalmasın. Onlar özlərini və gələcəklərini öz istəyi və qərarları əsasında qura bilsinlər”.
Bu əhəmiyyətli yolda irəliləyən Çinarə digər gənclərimizə də nümünədir. O, digərlərindən fərqli olaraq bu cür vacib təşəbbüslərin iştirakçısıdır. Çinarə valideynlərə də səslənərək qızlarının bu imkanlardan yararlanmasına dəstək nümayiş etdirməsini istəyib.
“Rayonlarda qızların karyera qurmasına məhdudiyyət qoyurlar. Onlar elə düşünürlər ki, nə edərsə yoldaşı eliyər və bu fikirlə də qızları müəyyən bir yaşdan sonra evləndirirlər”.
Çinarənin arzuları bitmir, o universitetə qəbul olaraq təhsilini daha da mükəmmələşdirmək istəyir. Onun digər bir arzusu isə gənclər evinin açılmasıdır ki, qızlar çox rahat bir şəkildə bu mərkəzdə toplaşa bilsin və asudə vaxtlarını səmərəli və əyləncəli keçirə bilsin. Passiv qalmağı sevməyən və daimi işlər görməyə can atan Çinarə bu fəaliyyətini daha da genişləndirmək arzusundadır. O, gələcəkdə təlimçi olmaq istəyir və bu fəaliyyətilə bir çox gənclərin aydınlanmasında bir pay sahibi olmaq arzusundadlr.
Ülvi Əhmədli