“Parklanma ilə bağlı cərimələri paytaxda Bakı Nəqliyyat Agentliyi və Daxili İşlər Nazirliyi tətbiq edəcək”.
Bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bu gün keçirilən iclasında “Yol hərəkəti haqqında” və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin I oxunuşda müzakirəsi zamanı deyilib. Onun sözlərinə görə, bölgələrdə isə bu cərimələri Daxili İşlər Nazirliyi tətbiq edəcək.
Məsələ ilə bağlı Ednews-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev qeyd etdi ki, burda söhbət qanunsuz parklanma yerlərinin təşkili və idarə olunmasından gedir.
“İnzibati Xətalar məcəlləsinə təklif edilən bu dəyişiklik qüvvəyə mindikdən sonra Bakı şəhərinin inzibati ərazisində qeyri-qanuni küçə parklanma yerləri təşkil edənlər, küçə parklanma yerlərindən istifadəyə görə sürücülərdən qanunsuz vəsait tələb edənlər inzibati məsuliyyətə cəlb ediləcək. Bu səlahiyyətin hansı qurum tərəfindən tətbiq edilməsi qanun qəbul edildikdən sonra Prezident fərmanına uyğun olaraq müəyyən ediləcək”.
M. Ağayev bildirdi ki, digər dəyişikliklə dövlət və bələdiyyə avtomobil yollarında qanunsuz olaraq ödənişli parklanma yerinin təşkil edilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər 2 min manat məbləğində cərimə ediləcək.
Gülnar Səlimova