Türkiyənin Anadolu bölgəsinin ən böyük daxili hövzəsi olan Van gölündə üzgüçülük və dalğıc festivalı keçirilir.
Ednews xəbər verir ki, layihə qardaş ölkənin təbiət incisinə və resurlarının qorunmasına diqqət cəlb edir.
Van gölü Türkiyənin ən böyük gölü olmaqla yanaşı, dünyanın ən böyük mineral sodalı gölü hesab olunur. Göldə 103 çeşid fitoplankton və 36 çeşid zooplankton balıq yaşamaqdadır. Bu göl Van və Bitlis şəhərləri arasında olan Nemrud vulkan dağının püskürməsi nəticəsində yaranıb.
Burada keçirilən üzgüçülük festivalının bir məqsədi də Van gölünü dünyaya tanıtmaq və gölün ekoloji cəhətdən təmizliyinin qorunmasına diqqət yönəltməkdədir. Ayın 23-nə qədər davam edəcək festivalı dünyanın müxtəlif ölkələrindən gələn mətbuat nümayəndələri işıqlandırır.
Festival ilk dəfədir təşkil olunur. İştirakçılar arasında Azərbaycan idmançıları da var. Festival çərçivəsində həmçinin Vanın Çarpanak adasına, Nəmrud vulkanına, Səlcuklu məzarlığına, Van qalası kimi bir çox tarixi məkanlara səyahət olunacaq.
Van təxminən 7 min illik bir mədəniyyətə malikdir. Van mədəni- tarixi və təbii zənginliyinə görə bölgədə əhəmiyyətli bir şəhərdir. Dəniz səviyyəsindən 1640 metr yüksəklikdə olan Van ziyarətçiləri firuzəyi rəngdə sular olan qədim məbədlər və 7 min illik şanlı keçmişlə əsrarəngiz səyahətə çıxarır.
Vüsalə Balayeva