Son zamanlar Azərbaycanda manyaklarla bağlı da ciddi narahatlıq var. Bu yaxınlarda manyaklardan biri Bakıda fəaliyyət göstərən məktəblərdən birinə daxil olmağı bacarmışdı. O zaman məktəbli qapalı məkanda olduğu üçün xilas ola bilmişdi. İki gün öncə isə azyaşlı məktəbli küçədə manyakla qarşılaşıb. O, ayıq davranaraq yol üstündəki dükana daxil olub. Hər iki halda videogörüntülərin çəkilməsi hüquq-mühafizə orqanlarının həmin şəxsləri tapmasına yardım edəcək.
Uşaqların təhlükəsizliyini qorumaq üçün hansı addımları ata bilərik? Ekspertlər vəziyyətdən çıxış yolunu nədə görürlər?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Ednews-a bildirildi ki, uşaqların müdafiəsi və inkişafı, onların hüquqlarının qorunması dövlətin sosial siyasətində mühüm yer tutur:
"Uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud, baxımsız və küçə həyatına məruz qalan, uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur. Bunun bariz nümunəsi 2020-2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın və ondan irəli gələn Fəaliyyət Planının qəbul edilməsidir. Ölkəmizdə küçə həyatına məruz qalmış, baxımsız uşaqlar aşkar edildikdə müvafiq aidiyyəti qurumlar tərəfindən uşaqların valideynləri inzibati məsuliyyətə cəlb edilir, ailələri ilə profilaktik maarifləndirmə söhbətləri aparılır. Bəzi hallarda (məsələn, ailənin sosial vəziyyətinin çox aşağı olması, valideyn tərəfindən uşağın istismar edilməsi) uşaqlar müvafiq müəssisələrə yerləşdirilirlər. Bu müəssisələr dövlət müəssisələri (uşaq evləri, internat məktəbləri, sosial sığınacaqlar) və qeyri-hökumət təşkilatlarının yaratdıqları sığınacaqlardır”.
Psixoloq Günel Aslanov isə açıqlamasında qeyd etdi ki, bu məsələ olduqca həssasdır. Uşaqlarımıza üz tuta biləcəyi bir neçə etibarlı yetkini müəyyən etməkdə kömək etməliyik.
"Onun üz tutacağı yetkin həm ailədən, həm də ailədən kənar ola bilər. Övladlarımıza xatırlatmalıyıq ki, hətta tanıdığı yetkinlər də ona qarşı qeyri-adekvat davranmasın. Onlarla yaxşı və pis sirr arasındakı fərqi başa salmalıyıq. Uşaqları qorumalı onlara doğru yolları göstərməliyik. Əgər uşaq cinsi zorakılıq hadisəsi yaşayıbsa və açıqlayırsa onu dinləməli, güvənməliyik. Uşağa kömək etməyi və onu başa düşdüyümüzü hiss etdirməliyik. Övladlarımıza öyrətməliyik ki, heç kim onun bədəninin şəxsi hissələrinə nə toxuna ə, nə də həmin hissələri görə bilər. Eləcə də əksinə. O heç kimin bədəninin şəxsi hissələrinə nə toxuna, nə də həmin hissələri görə bilər. Valideynlər və dayələr bu hissələri yalnız səbəb olduqda görə toxuna bilərlər. Uşaqlarımıza qarşı qayğılı və diqqətli olaq, onlar bizim gələcəyimizdir".
Oğuz Ayvaz