Azərbaycanda boşanma prosesi qaydalarına yeni dəyişiklik olunacaq.
Ednews xəbər verir ki, nikaha daxil olmaq istəyən tərəflərin tibbi müayinədən keçmələri barədə arayış elektron formada tərtib olunaraq, tibb müəssisəsi tərəfindən Səhiyyə Nazirliyinə, Səhiyyə Nazirliyindən isə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək. Bu, Milli Məclisin keçirilən sonuncu plenar iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, nikahın ləğvi, etibarsız sayılması barədə məhkəmə qətnaməsindən çıxarış dərhal “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə ötürüləcək.
Mövzu ilə bağlı Ednews-a danışan hüquqşünas Nurəli Əsədov bildirib ki, layihənin qəbul edilməsi nəticəsində tərəflərin boşanma prosesinin müddəti nisbətən tez olacaq.
“Çünki daha əvvəl məhkəmə qərarı qüvvəyə mindiyi andan məhkəmə tərəfindən qətnamədən çıxarış poçt vasitəsilə Ədliyyə Nazirliyinin müvafiq orqanına göndərilirdi, bu isə müəyyən müddətə həyata keçirilirdi. Bu layihəyə əsasən məhkəmə qərarı qüvvəyə mindiyi andan etibarən qərar elektron şəkildə sistemə yerləşdiriləcək və vətəndaş nikahın pozulması haqqında şəhadətnaməni Ədliyyə Nazirliyinin müvafiq orqanından əldə edə biləcək”.
Oğuz