Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7541 nikah və 3014 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.
Statistikaya görə pandemiyadan sonra bütün dünyada boşanmaların sayı artıb. Boşanmalara səbəb nədir?
“Bəzi insanlar deyir ki, boşanmaların səbəbi cahillik, savadsızlıqdır. Amma bu yanaşma doğru deyil”.
Bunu Ednews-a açıqlmasında vəkil Sevinc Əliyeva deyib.
O bildirib ki, boşanmaların səbəbi çoxdur. Əsas səbəblər isə məişət, isqtisadi, xəyanət və erkən nikahlardır.
“İstənilən təbəqədən istənil insan boşanır. Sadəcə varlı təbəqədən olan ailələrdə boşanma zamanı problemi daha az olur. Həmçinin, qadınlar daha az əziyyət çəkir. Boşanmaların ən birinci yerdə məişət zorakılığı durur. Ondan sonra iqtisadi və fiziki zorakılıq müşahidə olunur. Səbəb kimi isə xəyanəti görürük. Əksər hallarda kişi xəyanəti daha çoxluq təşkil etsə də, ötən illərə nisbətdə qadınlarda da bu göstərici artıb. Qohum müdaxilələri də boşanmaların ən böyük səbəblərindən biridir. Öz təcrübəmdən deyim ki, keçən prosesdə cavan cütlük idi və bir-birilərini də sevirdilər. Amma gün ərzində nə etdiklərini qaynana təyin edirdi. Oğlan da anasının sözünün qanun olduğunu bildirmişdi. Kənar müdaxilələr boşanmalara səbəbdir”.
Vəkil qeyd edib ki, digər səbəb isə xasiyyət uyğunsuzluğudur.
“Elə cütlük var ki, 20 il sonra boşanır. Yaşlaşdıqca insanın dözümü azalır. Uyğunsuzluğa dözmür. Boşanmalara təkcə mənfi tərəfdən baxmaq lazım deyil. Getdikcə qadınların və qızların oxuması, işləməsi və pul qazanması onu gətirir ki, artıq onlar döyülməyə, söyülməyə və təhqir olmağa dözmək istəmirlər. Çünki gedəcək yerləri və uşaqlara baxacaq imkanları var. Boşanmalarda olan maddiyyat problemi insanın mənəvi olaraq yaxşı olmamasının göstəricisidir”.
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı bildirib ki, pandemiya dövründən sonrakı dövrdə görürük ki, gənclər nikah bağlamaqdan yayınır.
“Bununla yanaşı boşanmalar da çoxalıb. İnsanlar boşanmaya çox meyillidir. Pandemiyadan sonra sosial-psixoloji vəziyyət və maddi durum çətinliyimiz çox oldu. Bu və digər formada çox sayda problemlər yaşadıq. Pandemiyadan sonrakı boşanmalar ailələrin yaşadığı sosial-psixoloji problemlərin göstəricisidir. Elə ailə var ki, həm işsiz qaldı, həm də psixoloji gərginlik yaşadı. Sosial problemlər boşanmalara səbəb olmamalıdır. İnsan ailə qurarkən hər bir şeyi nəzərə alıb qurmalıdır. Pandemiya isə fikrimizi çox dəyişdi. Havadan-sudan boşanan çoxdur. Lakin hamını eyni tərəziyə qoymaq düzgün deyil”.
Aysel Şahmar