Mütəxəssislərin fikrincə, son zamanlar insanlarda kəskin aqressivləşmə baş verir. Bəziləri bunun əsasən karantin zamanı insanların sosial həyatla kəsilən münasibətləri ilə əlaqələndirir.
İctimai yerlərdə, küçədə, nəqliyyatda və s. yerlərdə insanların bir-biri ilə kobud davranışı, səbəbsiz aqressiya nümayiş etdirməsi məsələni daha da dərinləşdirir
Bəzən kənardan kiçik görünən problem isə aqressiv davranışların sayəsində cinayətlərə də yol açır.
Bəs buna səbəb nədir?
Ednews-a danışan psixoloq Gülnar Orucova bildirib ki, son dövrlərdə cinayətlərin, ailə məişət zorakılıqların sayına baxsaq kifayət qədər artım görə bilərik. Mütəxəssis qeyd edib ki, bu hadisələr hamısı aqressiyanın fonunda baş verir.
“İnsan hər hansı bir hadisəyə görə stres yaşaya bilər. Bu stresslər günlük həyatımızın bir parçasıdır. Lakin biz bir insan olaraq özümüzdə stresə qarşı davamlılığı yaratmalıyıq. Çox zaman insanlar bunu özündə formalaşdıra bilmir. Bizim həyata keçməyən arzularımız var, olmaq istədiyimiz lakin çata bilmədiyimiz səviyyələr var. Həmin istəkləri reallaşmadığı üçün və yaxud da yaşadığımız həyatdan məmnun olmadığımız üçün aqressiyamız yaranır. Bu aqressiya da bəzən heç adiyyatı olmayan insanlara yönəlir. Ümumiyyətlə aqressiv insan müxtəlif cür davrana bilər. Aqressiv insan isə kobud olur”.
Psixoloq qeyd edib ki, aqressiyanın özünün də müxtəlif növləri var.
“ Aqressiv insan var ki, təhqirdən istifadə edir, bəziləri vurur, sındırır dağıdır. Yəni aqressiya insanlarda müxtəlif cür təzahür edir.
Mütəxəssis qeyd edib ki, aqressiya ən çox maddi durumunda olan problemlərdən yaranır.
“Ümumiyyətlə biz həyatda yaşayırıqsa düşünməliyik ki bu həyatın özünün müəyyən problemləri olur və bu problemlərlə başa çıxmalıyıq. İnsan öz problemlərini özü həll etməyi bacarmalıdır. Passiv aqressiya yaşayan insnlar sakit olur və hirslərini içəridə yaşayanlardır. Aktiv aqressivlər isə artıq kobud sözlərdən istifadə edir, təhqir edir, hücuma keçir. Aqressiyanın qarşısı ilk olaraq ailədə valideynlər tərəfindən alınmalıdı. Uşaqlıqdan sevgi ilə tərbiyə edilən insan heç bir zaman aqressiv olmur və cəmiyyətdə sağlam bir vətəndaş kimi formalaşır”.
Sevinc Kamalova