Prezident İlham Əliyevin dünən imzaladığı Əfv Sərəncamı böyük humanizm aktıdır.
Ednews xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev söyləyib.
O qeyd edib ki, dövlətimizin başçısı tərəfindən imzalanan əfv sərəncamları son illər artıq ənənə halını alıb.
"Bu Sərəncam müstəqil Azərbaycanın tarixində qəbul edilən ən böyük əfv aktıdır. Təbii ki, burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi də böyük rol oynayır. Çünki Ulu Öndərin fəaliyyətinin mərkəzində dayanan əsas amil və hədəf vətəndaşlarımızın rifahının yaxşılaşdırılması, onların problemlərinin həllinə yönəlmiş siyasət olub. Eyni siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və budəfəki Əfv Sərəncamı da bunun bariz nümunəsidir”, - deyə o bildirib.
U.Mirzəyev vurğulayıb ki, bir-birindən ayrı qalmış insanlar bu Sərəncamdan sonra qovuşacaq, tamlığını itirmiş ailələr bərpa olunacaq. Əfv Sərəncamı günü biz neçə-neçə ailənin sevincinə şahid olduq. Təbii ki, bu, hər bir azərbaycanlını çox sevindirir.
Sərəncama əsasən azadlığa çıxan insanların bir çoxu yanlışlıqlar, təsadüfi səhvlər səbəbindən həbs edilib, həyatları alt-üst olub. Hesab etmək olar ki, bu Əfv Sərəncamı ən əsası övladları, bacıları, qardaşları, anaları, ataları sevindirəcək. Ölkəmizdə həyata keçirilən bu siyasi xətt vətəndaşların rifahına yönəlmiş bir addımdır".
BAMF-ın prezidenti, həmçinin qeyd edib ki, Əfv Sərəncamı həm də insanları doğru yola sövq etməyin ən düzgün yoludur. Bu Sərəncamla 801 nəfər vətəndaşa yeni həyat bəxş edildi, yüzlərlə ailə sevindi. Ümid edirik ki, azadlığa çıxan şəxslər bundan sonra bir vətəndaş kimi ölkəmizin inkişafında rol oynaya biləcəklər.