Havalar isindikcə Bakının marşrut avtobuslarında havalandırma sisteminin olmaması və ya onların işlək vəziyyətdə olmaması məsələsi yenidən gündəmə gəlib. Sərnişinlər avtobus sürücülərindən, sürücülər isə sərnişinlərdən şikayət edirlər. Vəziyyət ciddiləşəndə isə sürücülər avtobusu dayandırır, sürməkdən imtina edirlər. Bununla da mübahisə münaqişə formasında davam edir. Kondisioner sisteminin işləməməsi sərnişinlərin haqlı narazılıqlarına səbəb olur.
Bu barədə hansı tədbirlər görülməlidir? Niyə avtobuslarda kondisoner problemi yaşanır?
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən Ednews-a bildirildi ki, müntəzəm marşrut xətt avtobuslarında havalandırma, isitmə və sərinləndirmə sistemlərinin olması sərnişinlərin rahatlığı üçündür.
“Nazirlər Kabinetinin 73 saylı qərarı ilə təsdiq olunan tələblərdə də bu məsələ xüsusilə qeyd edilib. Hər bir daşıyıcı şirkət istismarında olan avtobuslarda bu sistemlərinin olması və işlək vəziyyətdə saxlanılması üçün məsuliyyət daşıyır. Prosedura uyğun olaraq hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Onlara avtobuslarda sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsinə dair göstərişlər verilir. Həmçinin onlara yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq sərnişinlərin rahatlığı üçün avtobuslarda tempuratur göstəricilərinin tənzimlənməsi barədə də tapşırıqlar verilib”.
Məsələ həll edilməyəcənə kimi xəbər aktuallığını qoruyacaq.
Aytac