Sentyabrın 14-də Azərbaycan Hava Yolları QSC-nin (AZAL) rəhbərliyi və Milli Məclis üzvləri arasında görüş olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Ednews-a bildirilib ki, tədbirdə çıxış edən Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ölkə iqtisadiyyatının əsas sahələrindən biri kimi aviasiya sənayesinin inkişafının vacibliyini diqqətə çatdıraraq, bu prosesdə AZAL-ın rolunu vurğulayıb.
Görüşün əsas mövzularından biri AZAL-ın 2022-2030-cu illəri əhatə edən transformasiya planı olub. Azərbaycan Hava Yolları QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev aviasiya sənayesinin üzləşdiyi çətinliklər, o cümlədən AZAL-ın bazarda mövqeyini möhkəmləndirmək və sərnişinlərin tələbatını ödəmək məqsədilə qarşıdakı illər üçün strategiyası və planlarından danışıb. O bildirib ki, 2030-cu ilə qədər köhnə təyyarələrin tədricən istismardan çıxarılması, yeni geniş və dar gövdəli 30 hava gəmisindən ibarət donanmanın formalaşdırılması planlaşdırılır. “Donanmamızın genişləndirilməsi bizə yeni marşrutları inkişaf etdirməyə imkan verəcək, həmçinin uçuş şəbəkəmizin planlaşdırılması və idarə edilməsində daha çox çevikliyi təmin edəcək. Strategiyamızın digər mühüm istiqaməti 2 növ təyyarədən ibarət vahid aviaparkın yaradılmasıdır. Belə aviapark, ilk növbədə, kadr hazırlığı və texniki xidmət xərclərini azaltmağa kömək edəcək, həmçinin əməliyyat səmərəliliyini və xidmət keyfiyyətini artırmağa imkan verəcək”, - deyə Samir Rzayev vurğulayıb.
Tərəflər, həmçinin marşrut şəbəkəsinin genişləndirilməsi, hava gəmiləri parkının modernləşdirilməsi və aviaşirkətin qiymət siyasəti ilə bağlı məsələləri müzakirə ediblər. Daha çox sərnişin cəlb edəcək və onları sərfəli sərnişindaşıma ilə təmin edəcək çevik və rəqabətədavamlı qiymət strategiyasının hazırlanmasının zəruriliyi vurğulanıb.
İştirakçılar, eyni zamanda, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in vahid AZAL brendinə birləşdirilməsi və sərnişinlərin əldə edəcəyi üstünlüklər və imkanlar barədə danışıblar. Bunun aviaşirkətin bazarda daha səmərəli fəaliyyət göstərməsinə, müştərilərə vahid və tanınan brend təklif etməyə imkan verəcəyi bildirilib.
Görüşdə iştirak edən Milli Məclisin komitə sədrləri, deputatlar çıxışlarında müzakirə olunan məsələlər barədə fikirlərini açıqlayıb, onları maraqlandıran suallara cavab alıblar.
Sonra Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov görüşdə qaldırılan məsələlərə münasibət bildirib.
Tədbirdə deputatlarla görüşün aviasiya sənayesinə təsir edən qərarların qəbulunda mühüm rol oynayacağını vurğulayan “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti vəzifəsini müvəqqəti icra edən Samir Rzayev aviaşirkətin fəaliyyətinin davamlı inkişafı və təkmilləşdirilməsi, o cümlədən ümumi məqsədlərə nail olmaq üçün parlamentarilər və digər maraqlı tərəflərlə əməkdaşlığa hazır olduqlarını bildirib.
Daha sonra Milli Məclisin üzvləri Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin fəaliyyəti ilə tanış olublar.