Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Ednews xəbər verir ki, Prezident İlham Əliyev Füzuli sakinlərini təbrik edib, onlara görülən işlərlərlə, yeni layihələrlə bağlı məlumat verib:
“Arzu edirəm ki, Füzulidə - doğma Vətəndə rahat yaşayasınız, firavanlıq, rifah içində yaşayasınız. Şadam ki, gənc nəsil də - füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil bu torpaqları görməyiblər. Onlar bu torpaqlar barədə ancaq sizin onlara danışdıqlarınızı ürəklərində saxlamışdılar. Bu, xalqımızın böyüklüyünü göstərir. Onu göstərir ki, biz öz doğma diyarımıza bağlı olan xalqıq”, - deyə İlham Əliyev çıxışında bildirib.
Sonra dövlətimizin başçısı tədbir iştirakçıları ilə söhbət etdi, xatirə şəkilləri çəkdirib.