Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Bu barədə Ednews-a Baş Prokurorluqdan bildirilib.
Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.
*** 13:00
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdamda baş verən mina partlayışı barədə məlumat yayıb.
ANAMA-nın Mətbuat xidmətindən Ednews-a bildirilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Xəsarət alan şəxs hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir.