Ümummilli Lider Heydər Əliyevin KİV-lərin və ölkənin ən əsas xəbər xidmətinin fəaliyyətinə necə qayğı ilə yanaşmasını Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın timsalında görmək olar.
Ednews xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Azərbaycan mətbuatının inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransda söyləyib.
Ulu Öndərin AZƏRTAC-a xüsusi diqqət və qayğısından söz açan Vüqar Əliyev bildirib: “Ümummilli Lider respublikaya rəhbərlik etdiyi dövrdə Agentliyin maddi-texniki bazasını və kadr potensialını, onun müasir avadanlıqla təchiz edilməsini möhkəmləndirən AZƏRTAC-la bağlı 5 fərman və sərəncam imzaladı, xaricdə müxbir məntəqələri yaradıldı, əməkdaşların iş şəraiti yaxşılaşdırıldı. Onu da qeyd etməyə bilmərəm ki, Heydər Əliyev hələ Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə Dövlət İnformasiya Agentliyinə diqqətlə yanaşır və onun bu himayəsi ənənəvi xarakter daşıyırdı. Məhz Heydər Əliyevin nüfuzu sayəsində və onun təkidi ilə sovet dövründə AZƏRTAC, həmin vaxt “Azərinform”, 1988-ci illərdə keçmiş sovet respublikalarının informasiya agentlikləri arasında birincilər sırasında kompüterlərlə təchiz olundu”.