Xəbər verdiyimiz kimi 2024-ci il üçün təhsil sahəsində əsas prioritetlərdən biri də Xankəndidə yerləşən Qarabağ universitetində tədrisin təşkil edilməsidir. Bununla da azərbaycanlı tələbələr uzun illərdən sonra yenidən Qarabağda təhsil almaq hüququnu qazanacaq. Bu isə hər bir azərbaycan tələbəsi üçün qürürverici bir haldır.
Məsələ ilə bağlı Ednews-a danışan Təhsil eksperti Nadir İsrafilov bildirib ki, Qarabağ Universitetinin yaradılması Zəfərlə başa çatan hərbi-siyasi qələbəmizin mənəvi təcəssümüdür, həm də tarixi qələbəyə davamlı və dayanıqlı dəstəkdir.
“Ölkə başçısının sərəncamı ilə belə bir universitetin yaradılması bir daha təsdiq etdi ki, təhsil dövlət siyasətimizin prioritet sahəsi olub və istənilən vəziyyətdə də belə olacaq.
Universitetin fəaliyyətə başlaması regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksək ixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasına, həmin ərazilərdə, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı bölgənin elm və təhsil mərkəzinə çevrilməsinə, yeni iş yerlərini açılmasına yol açacaq. Ən başlıcası isə universitetə tələbə axını işğaldan azad edilmiş torpaqlarımızda gənclərin və bütövlükdə əhalinin məskunlaşma prosesini sürətləndirəcək. Böyük ehtimalla Şuşada, eləcə də Ağdamda da ali təhsil müəssisələri fəaliyyətə başlayacaq və digər universitetlərin filialları boşaldılmış ərazilərə köçürüləcək. Qarabağda universitetlərin fəaliyyətə başlaması Bakının tələbə yükünü azaldacaq”,- deyə o, fikirlərini tamamlayıb.
Afaq