“İşğaldan azad olunmuş ərazilərdə ilk dəfə səsvermə keçiriləcək. Bu Azərbaycan üçün tarixi hadisədir. Biz son ildə yaşadığımız əhval ruhiyyəsini həmin bölgələrdə ictimaiyyətin özünün hiss etdiyi bir əhval-ruhiyyəyə çevirəcəyik”.
Ednews xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdə müşahidə aparmaq azaddır:
“İşğaldan azad olunmuş ərazilərdə Azərbaycanın digər bölgələrinə nümunə olacaq məntəqələr yaradılıb. Orada çox yüksək səviyyədə bütün şərait yaradılıb. Çalışacağıq ki, beynəlxalq müşahidəçilər ora gedib, seçki prosesini izləsinlər. Akkreditasiyadan keçənlər ölkədə istənilən məntəqədə müşahidə apara bilərlər”.
Bu günə qədər 17500 müşahidəçi akkreditasiyadan keçib. Orta hesabla 6300 civarında məntəqəmiz olacaq. Müşahidəçilər nə qədər çox olsa, bunu alqışlayırıq.
ATƏT-in Demokratik Təsisatlar İnsan Haqları bürosu artıq fəaliyyət göstərir. Onların nümayəndələri kifayət qədər sayda dairələrdə olublar".