“Xocalı qətliamı qurbanlarının acısını ürəyimizdə hiss edirik”.
Ednews xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda Xocalı soyqırımı abidəsini ziyarəti zamanı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu gün hüznlə bərabər, Qarabağın bütün ərazilərinin azad olunmasına dair sevinc də var.
“Xatırlayırsızsa, ötən il bu günkü gün burada Abdurrahim Karakoçun “Qarabağa məktub” adlı bir şeirini söyləmişdim. Orada Xocalının acısının türk dünyası insanında dərin bir yara buraxdığını ifadə etmişdim. Acımız şübhəsiz davam edir. Hüznlə yanaşı Qarabağın tək bir santimetr ərazisində belə erməni tapdağı qalmadığını qeyd edirik. Antiterror əməliyyatları ilə Azərbaycanın suverenliyi təmin edildi.
Xocalıda qətl edilən soydaşlarımızın intiqamı da alınıb. Prezident İlham Əliyev bütün azad olunmuş ərazilərdə bayraq ucaltdı, Şuşadan sonra ən anlamlı ziyarət Xankəndi və Xocalıya edilən ziyarət idi. Sevincimiz də böyükdür, çünki artıq Qarabağ azaddır və xocalılıların da öz dədə-baba yurduna geridönüşü başlanıb”.