Prezident Administrasiyasını mühüm edən səbəblər - hüquqşünas rəyləri | Eurasia Diary - ednews.net

17 Noyabr,


Prezident Administrasiyasını mühüm edən səbəblər - hüquqşünas rəyləri

Ekspert rəyi A- A A+

Ekspertlər deyir ki, PA-nın ləğvi yalnız referendum yolu ilə mümkündür

Hələ 2017-ci ildə ölkə başçısı İlham Əliyevin Prezident Administrasiyasının (PA) strukturunda dəyişikliklər etməsi müəyyən mülahizələr irəli sürməyə əsas yaratmışdı. İ.Əliyev sərəncam verərək, Ramiz Mehdiyevi PA-nın rəhbəri kimi saxlasa da, buna qədər onun müavinləri olan şəxsləri həmin vəzifədən azad edərək, özünün köməkçiləri təyin etdi.

Sonra ehtimallar səslənirdi ki, R.Mehdiyev PA rəhbəri postundan getdikdən sonra bu struktur bütövlükdə ləğv olunacaq.

Bir neçə gün əvvəl prezidentin R.Mehdiyevi vəzifəsindən azad etməsi yenidən bu məsələləri aktuallaşdırıb. Belə versiyalar və fikirlər səslənir ki, vitse-prezidentlik institutu təsis olunduğuna görə PA-ya ehtiyac qalmayacaq, ləğv ediləcək. Hələlik dövlət rəsmilərindən belə bir struktur dəyişikliyi gözləntisi barədə açıqlama olmayıb.

Eurasia Diary-nin məlumatına görə, bu barədə “Yeni Müsavat”a danışan hüquqşünas Əliməmməd Nuriyev PA-nın ləğvini mümkün saymır. Onun sözlərinə görə, prezident varsa, onun administrasiyası da olur: “Bu, konstitutsion qurumdur. Ayrı-ayrı ölkələrdə bu struktur müxtəlif adlarda fəaliyyətdədir. Azərbaycanda da bu aparat olmalıdır. Ona görə ləğvi və ya hər hansı dəyişiklik gözlənilmir”.

Ə.Nuriyev yalnız referendum yolu ilə PA-nın ləğvini mümkün hesab edir: “Konstitutsiyaya dəyişiklik edilməklə reallaşa bilər. Amma indiki halda zərurət görmürəm. Administrasiya prezidentin fəaliyyətinin təşkilini yerinə yetirir. Bu baxımdan qeyri-real məsələdir. Çünki hüquqi təminat aparatıdır. Vitse-prezidentliyin isə fərqli səlahiyyətləri var. Hətta vitse-prezidentliyin də aparatı olmalıdır. Administrasiyasız idarəetməni həyata keçirmək qeyri-mümkündür”.

Deputat Fazil Mustafanın sözlərinə görə, konstitusiyada PA-nın ləğvi nəzərdə tutulub: “Lakin mümkün deyil. Çünki bu aparat mövcud olmalıdır. Prezidentin siyasətini həyata keçirən struktur fəaliyyət göstərməlidir. Bunun adı administrasiya, aparat və ya başqa ola bilər, qurumun səlahiyyəti çox ya az da ola bilər, amma bu struktur funksiyalarını yerinə yetirməlidir”.

F.Mustafa PA-nın ləğvi konstitusion normalarda əks olunur deyə referendumla baxıla biləcəyini istisna etmir: “Amma aparatsız mümkün deyil. Bunun nəsə adı olmalıdır. Vitse-prezidentlik isə ayrı qurumdur. Onun da aparatı olmalıdır. Prezidentin fəaliyyətini həyata keçirə bilməsi üçün administrasiyaya ehtiyac var. Ona görə bunun mövcudluğunun zəruri olub-olmadığını dartışmaq düzgün deyil. Çünki bu aparat hökumətlə əlaqəli deyil. Hökumətin funksiyası başqadır. PA isə prezidentin protokolda göstərilən işlərini həyata keçirən, sənədlərini hazırlayan, funksiyalarını təmin edən idarəçilik institutudur”.

Qeyd edək ki, prezident konstitusiya səlahiyyətlərinin həyata keçirilməsinə şərait yaradılmasını təmin etmək məqsədilə Prezidentin Administrasiyasını təşkil edir və onun rəhbərini təyin edir.

Prezidentin Administrasiyası Milli Məclisə təqdim olunan qanun layihələrini, prezidentin fərman, sərəncam, tapşırıq və müraciətlərinin, habelə digər sənədlərin layihələrini hazırlayır.

Administrasiya qəbul olunmuş qanunların, prezidentin fərman, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə nəzarət edir, yoxlayır və dövlət başçısına müvafiq məruzələr təqdim edir.

Administrasiya prezidentin respublikadakı siyasi partiya, ictimai birlik, həmkarlar və yaradıcı ittifaqları ilə, habelə xarici ölkələrin dövlət orqanları və vəzifəli şəxsləri, yerli və xarici siyasi, ictimai xadimlər, beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrini təmin edir.

Administrasiyada ölkədə və dünyada baş verən sosial-iqtisadi, siyasi və hüquqi proseslər haqqında məlumatlar, yerli özünüidarə orqanlarının, ictimai təşkilatların və vətəndaşların müraciətləri, təklifləri təhlil olunur və prezidentə müvafiq məruzələr hazırlanır. 1995-ci ildən PA-nın rəhbəri R.Mehdiyev idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...