Son günlər sosial şəbəkələrdə Nərmin Quliyevanın anası Aynurə İsmayılovanın mətbuata verdiyi açıqlama tənqidə tuş gəlib. Bir azyaşlının faciəli şəkildə qətlə yetirilməsi fonunda səslənən bəzi fikirlər heç də ürəkaçan deyil.
"Nərminin faciəsi tək anasının deyil, hamımızın faciəsidir"- deyə, Sosioloq Zəminə Səfərova Eurasia Diary-ə açıqlamasında bildirib.
"Hamı kimi mənim də uşaqlara qarşı istənilən laqeyd münasibət, zorakılıq, qəddar davranışlara münasibətim çox pisdir. Lakin valideynlərin yetkinlik yaşına çatmayan uşaqları ilə münasibətdə daha da məsuliyyətli olmalarının vacibliyini bir daha anlatmaq istəyirəm. Hər hansı bu kimi faciədən sonra əsassız fikirlərinizi bildirməkdənsə, uşaqlarınıza vaxt ayıraraq daha da diqqətli olmaq lazımdır. Hər kəs öz işinin mütəxəssisidir. Hər kəs öz işini görür və görəcək də. Axtarmaq, aramaq, araşdırmaq qərar verən dövlətimiz, hüquq mühafizə orqanları, Daxili İşlər Nazirliyi və s. qurumların işidir. Kimsə bir hadisəylə bağlı fikir söyləyir, digərləri də təsdiqləyir və yaxud da təhqiredici sözlər yazır. Bu aqressiya nədəndir?- anlamıram. Bəli, belə hadisələr hər birimizi sarsıdır. Hamımızın balası var. Nərminin faciəsi tək anasının deyil, hamımızın faciəsidir. Gəlin belə hadisələrin bir daha baş verməməsi üçün addımlar ataq. Nərminin anasının fikirlərinə haqq qazandırmıram, lakin avam, savadsız bir qadını kimlərsə başa sala bilər ki, gündəmdə olduğun zaman bəlkə ev də istəyəsən. Əgər o ananın savadı olsa bəlkə də belə bir çıxış etməzdi. Gəlin, ananı sosial şəbəkələrdə təhqir etməyək. Əsaslandırılmayan fikirlər söyləməyin. Bir anaya təsəlli verə bilmiriksə, onun dərdini daha da dərinləşdirməyək. Allah hamımıza səbr versin!"