Azərbaycan İspaniya Kral Futbol Federasiyasının baş sponsoru ola bilər.
“APA” agentliyi bu barədə iddianı məşhur "As” nəşrinə istinadən irəli sürüb.
İddiaya görə, Azərbaycan qurumun baş sponsoru olmaq üçün ispanlara 50 milyon dollar ödəməlidir. Ancaq siyasi arenalarda baş verənlər və İspaniya millisinin Rusiyadakı dünya çempionatına gedib-getməyəcəyinin müzakirəyə çıxarılması müqavilənin taleyini sual altına salıb.
Bu da İspaniya futbol qurumunda müəyyən narahatlıqlara səbəb olub. Federasiyanın marketinq direktoru Visente Kasado və idman direktoru Fernando Yerronun məsələ ilə bağlı Bakıya səfəri də təxirə salınıb.
Hazırda federasiya rəhbərliyi DÇ-2018-lə bağlı FİFA-nın yekun qərarını gözləyir. Federasiya yığmanın mundialdakı iştirakının təsdiqlənəcəyi an müqaviləni imzalamağa çalışacaq. Razılaşma baş tutsa, federasiyanın tarixində ən bahalı anlaşma olacaq.