Gələn mövsüm üçün iddialı heyət formalaşdırmaq istəyən "Fənərbağça" transfer çalışmalarını sürətləndirib. Klubun yeni baş məşqçisi Joze Mourinyonun xüsusi istəyi ilə heyətə dünya səviyyəli hücumçu cəlb olunması üçün ciddi addımlar atılır.
EDnews Türkiyə mətbuatına istinadən xəbər verir ki, sarı-lacivərli klub 30 milyon avro büdcə ayıraraq "Yuventus"un serbiyalı forveti Duşan Vlahoviçi transfer etmək niyyətindədir.
Məlumata görə, komandadan Edin Zekonun ayrılması artıq rəsmiləşib, Yussuf En-Nesirinin isə satılma ehtimalı yüksəkdir. Bu səbəbdən klub iki yeni hücumçu ilə güclənməyi planlaşdırır və əsas hədəf kimi məhz Vlahoviç seçilib.
Joze Mourinyo rəhbərliklə keçirdiyi iclaslarda Vlahoviçin oyun üslubunun onun taktikasına uyğun olduğunu bildirib və transferin reallaşması üçün bütün imkanların səfərbər edilməsini istəyib.
"Fənərbağça" rəhbərliyi artıq ilkin əlaqələrə başlayıb və futbolçunun meneceri ilə təmaslar qurulub. Müqavilənin maliyyə şərtləri razılaşdırıldığı təqdirdə, bu transfer klub tarixindəki ən bahalı keçidlərdən biri ola bilər.
Transferin baş tutacağı halda, Joze Mourinyonun rəhbərliyi altında "Fənərbağça"nın yeni mövsümdə həm Super Liqada, həm də Avropa turnirlərində iddialı performans göstərməsi gözlənilir.
Fatimə Şükürova // EDnews