Misirin nüfuzlu “Əl-Əzhər” təşkilatı Quranın yandırılmasına etiraz olaraq ərəb və İslam dünyasını Hollandiya və İsveç məhsullarını boykot etməyə çağırıb.
Ednews Al-Arabia saytına istinadən xəbər verir ki, bəyanatda bildirilib ki, "bu iki ölkənin hökumətləri söz azadlığını bəhanə edərək bir milyard yarım müsəlmanın dini dəyərlərinə qarşı hörmətsizlik edir. Bu, özünü insan hüquqlarının müdafiəçisi hesab edən Avropanın islam dininə qarşı amansız cinayətidir".
Bir çox ərəb ölkələri, o cümlədən, Misir Stokholmda və Hollandiya parlamentinin binası qarşısında Quranın yandırılması və cırılmasına sərt reaksiya verib.
Qeyd edək ki, Rasmus Paluda Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranı yandırmışdı. Bundan iki gün sonra Hollandiyadakı ekstremist Pegida hərəkatının lideri Edvin Vaqensfeld də Haaqa şəhərində Quranın səhifələrini cırmışdı.
Loğman Yunis