Əlcəzair afrikalı miqrantların ölkədən deportasiyasına başlayıb.
Ednews Al Arabiya nəşrinə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatının yaydığı hesabata görə, Əlcəzair 10 Afrika ölkəsindən 9 mindən çox miqrantı ölkədən deportasiya edib.
Miqrantlar Nigerin şimalına axın ediblər. Bu, bölgədə kritik humanitar vəziyyət yaradıb.
BMT Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi və Beynəlxalq Miqrasiya Təşkilatı Nigerin Aqadez səhra bölgəsində ilin əvvəlindən bəri Əlcəzairdən deportasiya olunan minlərlə insanın Nigerlə sərhəddə çətin vəziyyətdə qaldığını qeyd edib.
Aprel ayında Nigerə üz tutan miqrantların təxmini sayı 4500 nəfər olub. Ümumdünya Səhiyyə Təşkilatı miqrantları tibbi avadanlıq və 2,9 ton dərmanla təmin edib. Ümumdünya Ərzaq Proqramı isə onlara tondan çox ərzaq paylayıb. Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin məlumatına görə, həkimlər, tibb bacıları və psixoloqlardan ibarət əlavə heyət də bu afrikalılara kömək etmək üçün onların yerləşdiyi bölgəyə göndərilib.
Niger prezidenti Mohamed Bazoum yerli mediaya verdiyi müsahibədə bildirib ki, Əlcəzairdən miqrantların məcburi geri qaytarılması qəbuledilməzdir.
Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Əlcəzair 2014-cü ildən bəri Qərbi və Mərkəzi Afrikadan olan on minlərlə qeyri-qanuni miqrantı ölkədən deportasiya edib. Onların bəziləri Əlcəzairdə qalmağa, böyük bir hissəsi Avropaya köçməyə çalışır.
Törə Zeynallı