Perunun Baş naziri Qustavo Adriansen parlamentin ona qarşı etimadsızlıq səsverməsi ərəfəsində istefa verib.
“EDnews”xəbər verir ki, bu barədə Peru hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Vətənin ali maraqlarını nəzərə alaraq, Nazirlər Şurasının sədri vəzifəsindən istefa ərizəsini sizə təqdim etməyə borcluyam”, – deyə Qustavo Adriansen ölkə Prezidenti Dina Boluarteyə müraciətində bildirib.
Xatırladaq ki, 14 ay Peru hökumətinə başçılıq edən Qustavo Adriansen Prezident Dina Boluartenin 2,5 illik hakimiyyəti dövründə üçüncü Baş nazir olub.
Mayın 14-də Peru Konqresi ölkədə cinayətkarlığın artması ilə bağlı Qustavo Adriansenə etimadsızlıq səsverməsinə baxmalı idi. Baş nazirin 13 şaxtaçının qaçırılması ilə bağlı xəbərləri yalan adlandırması və bir neçə gündən sonra onların cəsədlərinin tapılması Qustavo Adriansenə qarşı tənqidləri gücləndirib.
Qeyd edək ki Peruda cinayətkarlıqla bağlı vəziyyət son illərdə xeyli pisləşib. Mart ayında parlament təhlükəsizlik böhranı səbəbindən daxili işlər naziri Xuan Xose Santivanyesə etimadsızlıq səsverməsini qəbul edib.
Fatimə Mərdanlı //EDnews