Bu ilin yanvarından Latviyada yerləşdirilən NATO-nun ilk İsveç kontingentinin təftişi zamanı ciddi ekoloji və sanitar çatışmazlıqlar aşkar edilib.
“EDnews” xəbər verir ki, Səhiyyə və Ətraf Mühit Müfəttişliyinin (FIHM) hesabatına əsasən, kimyəvi maddələrin qaydalara zidd olaraq saxlanması və istifadəsi onların sızmasına səbəb ola bilər. Təhlükəli tullantıların normativ tələblərə zidd olaraq saxlanıldığı da müəyyən edilib. Bundan əlavə, dərmanların saxlanması üçün soyuducu yoxdur, personalın bir hissəsinə yola düşməzdən əvvəl lazımi peyvəndlər vurulmayıb, çöl şəraitində əl gigiyenasına riayət edilməsi şəraiti qeyri-qənaətbəxş hesab olunub.
Əsgərlərin mətbəx ləvazimatlarının yuyulması ilə bağlı həm müəyyən edilmiş prosedurların, həm də avadanlıqların olmadığı aşkar edilib.
Yoxlama komissiyası nöqsanların aradan qaldırılmasını və silahlı qüvvələrin müvafiq hesabat təqdim etməsini zəruri sayır.
İsveç qoşunları NATO-nun çoxmillətli briqadasının (MNB-LVA) tərkibində alyansın regionda müdafiəsini gücləndirmək və sabitliyi təmin etmək məqsədilə Latviyada yerləşdirilib.
Fatimə Mərdanlı //EDnews