"Azərbaycanın ən böyük istəyi AŞPA-nın Qarabağla bağlı ədalətli qətnamələrinin yerinə yetirilməsidir". Bunu Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu AŞPA-nın yaz sessiyası ilə bağlı Eurasia Diary-ə açıqlamasında bildirib.
"Son qətnamə Sərsəng su anbarıyla bağlıdır. Çox təəssüf ki, erməni separatçıları bu qətnaməni də yerinə yetirmirlər. Biz elə etməliyik ki, AŞPA özünün qəbul etdiyi qətnamələrin icrasını təmin etsin", deyə ekspert qeyd edib.
Xəbər verdiyimiz kimi, bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.
Aprelin 23-dən 27-dək davam edəcək sessiya çərçivəsində qeyri-qanuni aktivlərin müsadirəsi, İŞİD terror qruplaşmasının maliyyələşdirilməsi və hibrid müharibə ilə bağlı insan hüquqları problemləri və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Sessiya çərçivəsində Avropada məcburi köçkünlərin hüquqları və humanitar ehtiyacları mövzusunda məruzə dinləniləcək, Azərbaycandakı məcburi köçkünlərin vəziyyəti də müzakirə ediləcək.