Yəhudi əsilli amerikalı müxbir Nurit Qringer Azərbaycanın tarixi, bugünü və siyasi baxısları haqda "Azərbaycan - yenidən ilk dünyəvi-müsəlman demokratiyası" adlı məqalə yazıb.
Məqalə Azərbaycanda İslam dininin dünyəviliklə paralel inkişafı barədədir. N.Qringer tarixi hadisələri ön plana çəkərək bu günədək olan siyasi baxışlar və Azərbaycandakı həm dini, həm də siyasi əlaqələri göstərib.
O, hələ 1919-cu ildə Azərbaycan Demokratik Respublikasında müsəlman dünyasında ilk dəfə dinindən, dilindən asılı olmayaraq 20 yaşdan etibarən qadın və kişilərə bərabər seçki hüququnun verildiyini qeyd edib:
“Hökumət, Parlament və Nazirlər Kabinetində Azərbaycanda yaşayan bütün etnik azlıqlar təmsil olunurdu. Rusiya və İran imperiyaları arasında yerləşən yeni yaranmış demokratik respublika fəal diplomatiya nümayiş etdirirdi”.
Qringer 28 may 1919-cu il tarixdə Parisdə Azərbaycan nümayəndə heyətinin ABŞ Prezidenti Vudro Vilsonla görüşü haqda bunları yazır:
“Azərbaycan diplomatları ilə yüksək səviyyəli görüş Prezident Vilsona çox xoş təsir bağışlayır. O, ABŞ-a qayıtdıqdan sonra 1919-cu ilin sentyabr ayı ərzində ABŞ-ın qərb və cənub əyalətlərini gəzərkən bu görüşü bir neçə dəfə ictimai çıxışlarında xatırlayır”.
Azərbaycanın Qərbi ABŞ-dakı baş konsulu cənab Nəsimi Ağayev ABŞ tarixinə dair arxivləri araşdırarkən Prezident Vilsonun Parisdə Azərbaycan nümayəndə heyəti ilə görüşünə dair maraqlı bir sənədi üzə çıxarıb.
10 sentyabr 1919-cu ildə Şimali Dakota ştatının Bismark şəhərində olan prezident Vilson bildirmişdir:
"Həftə ərzində demək olar ki, hər gün dünyanın müxtəlif yerlərindən nümayəndə heyətlərini qəbul edirdim. Onlar arasında məktəb zamanı coğrafiyadan adına rast gəlmədiyim ölkələr də vardı. Məsələn, Azərbaycan haqqında heç eşitmisinizmi? Azərbaycandan gözəl simaya malik bəylərdən ibarət möhtəşəm nümayəndə heyəti gəldi... Bu, Qafqazın cənubunda yerləşən, çox böyük və qədim bir mədəniyyətə sahib çiçəklənməkdə olan bir bölgədir ... "
Səkkiz gün sonra San Fransiskoda Prezident Vilson qeyd edib:
“Azərbaycanın harada olduğunu bilirsinizmi? ... bir gün Azərbaycandan çox hörmətli və maraqlı bəylərdən ibarət bir qrup gəldi ... fikirləri, azadlıq, haqq və ədalət anlayışları baxımından onlarla eyni dildə danışırdıq".
“Maraqlıdır ki, bütün nümayəndə heyətlərinin içərisində yalnız bir neçə dəfə Parisdə görüşdüyü Azərbaycan diplomatları ilə görüş Prezident Vilsonda səmimi təəssüratlar buraxmışdı. 1920-ci ilin yanvarında Azərbaycan diplomatlarının Prezident Vilsonla Parisdə, ABŞ-da və digər demokratik ölkələrdə keçirdiyi məhsuldar görüşləri və səyləri nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti de-fakto tanındı”, -deyə məqalənin müəllifi bildirib.
“Azərbaycan 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdi. Bu gün Azərbaycan Respublikası Avropa ölkələrinin enerji təhlükəsizliyinə böyük töhfə verən bölgədə ən sürətli böyüyən iqtisadiyyata malik ölkədir. Azərbaycanın ilk müstəqilliyini müvəqqəti itirməsi ilə İsrailin suverenliyini əldə etməsi eyni ilə təsadüf edir. Hal- hazırda Azərbaycan yəhudi dövləti İsrail ilə açıq ikitərəfli münasibətlər quran yeganə müsəlman ölkəsidir. Dinamik inkişaf edən ölkə öz şiə və sünni müsəlmanları, xristianları, yəhudi icmalarının harmoniya şəklində birgə yaşaması ilə bir nümunədir. Onlar ahəngdar və qarşılıqlı hörmət şəraitində yaşayır və Azərbaycan bu dəyərləri bölgədə və ondan kənarda təbliğ edir", - deyə o əlavə edib.