Artıq beş gündür ki, Qazaxıstan xaosa qərq olub. Ölkənin ən böyük şəhəri və keçmiş paytaxtı olan Almatıda, eləcə də bir çox şəhərlərində polis qüvvələri və etirazçılar arasında baş vermiş ciddi qarşıdurma nəticəsində hər iki tərəfdən xeyli sayda ölən və yaralanan var.
Almatı şəhərində nümayişçilər hökumət və hüquq-mühafizə orqanlarının binalarını ələ keçiriblər. Ölkənin daxili qoşunları şəhəri yenidən nəzarətə almaq üçün əməliyyatları davam etdirir.
Prezidenti Kasım-Jomart Tokayev ölkəsində kütləvi nümayişləri və iğtişaşları yatırmaq, nizam-intizamı bərpa etmək üçün Qazaxıstanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatına müraciət edib. KTMT-nin üzv dövlətləri – Rusiya, Belarus, Ermənistan, Qırğızıstan və Tacikistan Tokayevin müraciətini nəzərə alaraq təşkilatın sülhməramlı kontingentini Qazaxıstana göndərməyə qərara gəliblər.
KTMT Qazaxıstana 2 500 sülhməramlı göndərəcək. Rusiya və Ermənistan mediasının məlumatlarına görə, Rusiya, Belarus və Ermənistan əsgərləri artıq Qazaxıstan torpağına daxil olublar.
Qeyd edək ki, KTMT-nin nizamnaməsinə görə, təşkilatın əsas funksiyaları xarici təhdidlərə və xarici müdaxilələrə yönəlib. Nizamnaməyə əsasən, əgər KTMT-nin hər hansı üzv dövləti üçüncü dövlət tərəfindən hücuma məruz qalarsa, KTMT-nin digər üzv dövlətləri həmin üzv dövlətin müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasına cavabdehlik daşıyırlar.
Lakin Qazaxıstana heç bir xarici hücuma məruz qalmayıb. Qazaxıstanda baş verən proseslər birbaşa daxili problemlərə istiqamətlənib. Bu ölkədə kütləvi qarşıdurmalar və iğtişaşlar xalq və hökumət arasında gedir.
Belə olan halda KTMT hansı funksiyalara əsasən Qazaxıstana müdaxilə edir? KTMT-nin qoşunlarının Qazaxıstana müdaxiləsini və ölkənin daxili işlərinə qarışmasını hüquqi cəhətdən necə qiymətləndirmək olar?
Bu məsələ ilə bağlı politoloq Zərdüşt Əlizadə və beynəlxalq hüquq üzrə ekspert Məmməd İsmayılov EDNews.net-ə açıqlama veriblər.
Qazaxıstanda baş verən proseslərə münasibət bildirən Zərdüşt Əlizadə hesab edir ki, bəzi hallarda gerçək siyasi şərait və vəziyyət qanundan üstün olur.
“Mən bu hadisələrə münasibətdə bu müddəadan çıxış edərdim. Bu müddəa nədən ibarətdir? Bütün dünyada qanun, qanuna yanaşma və qanunun icrası nisbi səciyyə daşıyır. Qanunda çox şey yazıla bilər. Amma bəzən elə bir hadisə baş verir ki, siyasi qüvvələrin geosiyasi maraqları daha çox üstün tutulur. Qanun icrası bir kənarda qalır.
Bu faktdır ki, KTMT artıq Qazaxıstana girib. KTMT-nin qoşunları Qazaxıstana Prezident Tokayevin dəvəti ilə girib. Ona görə də KTMT-nin Qazaxıstana müdaxiləsini işğalçılıq və təcavüzkarlıq kimi qiymətləndirmək olmaz. KTMT bu ölkədə hələ vətəndaşlara güllə açmayıb və insanları öldürməyib”.
“KTMT-nin Qazaxıstana müdaxiləsi siyasi səciyyə daşıyır. Baxmayaraq ki, Tokayev ölkəsində daxili qoşunların və ordusunun gücü ilə qayda-qanun yaratmağa çalışır, yenə də beynəlxalq dəstəyə ehtiyacı olub. Bu üzdən də KTMT-yə müraciət elədi”, - deyə Əlizadə bildirib.
Politoloq KTMT-nin Qazaxıstana müdaxilə etməsinin səbəblərini də açıqlayıb; “Qarabağda Azərbaycan və Ermənistan arasında gedən müharibədən sonra KTMT-nin nüfuzu aşağı düşməyə başladı. Artıq Ermənistanda və digər üzv dövlətlərdə KTMT-yə əhəmiyyətsiz qurumu kimi yanaşılır. Bu səbəbdən də KTMT Qazaxıstana müdaxilə etməklə göstərməyə çalışır ki, o nəsə ciddi işlər görür. Lakin təşkilatın qoşunları dinc insanlara və vətəndaşlara güllə açmırlar, yalnız strateji obyektləri nəzarətə götürüblər.
“KTMT-nin qüvvələrinə silahlı hücum ediləndə, onların atəş açmaq hüququ var. KTMT-nin Qazaxıstana girişini və müdaxiləsini hər hansı bir önəmli tarixi hadisə hesab etmək olmaz. Bunu Qazaxıstanın işğalı və ya Qazaxıstana təcavüz kimi qiymətləndirmək düzgün deyil. Bu ötəri geosiyasi maraqlardan doğan bir addımdır. Əmin ola bilərsiniz ki, KTMT-nin sülhməramlı qüvvələri Qazaxıstanda daimi qalmayacaq və vəziyyət sakitləşdikdən sonra ölkəni tərk edəcəklər”.
Beynəlxalq hüquq üzrə ekspert Məmməd İsmayılova görə, Qazaxıstanda baş verən hadisələri münaqişə ilə qarışdırmaq olmaz. O hesab edir ki, KTMT-nin Qazaxıstana müdaxiləsi ilkin baxışda beynəlxalq hüquqa uyğun gəlmir.
“KTMT-nin üzv dövlətləri arasında imzalanmış müqaviləyə görə, təşkilatın üzv dövlətinə hücum olarsa, digər üzv dövlətlər hərəkətə keçərək həmin üzv dövləti xarici müdaxilədən qorumalıdırlar. KTMT-yə üzv olan dövlətlər bu məsələdə öhdəlik daşıyırlar. Lakin KTMT-nin nizamnaməsinin səkkizinci maddəsində beynəlxalq terrorizm və ekstremizmə qarşı tədbirlər də nəzərə alınıb. Yəni, KTMT-nin üzvləri bu məsələlərdə də bircə hərəkət etmək öhdəliyi daşıyırlar”.
“Qazaxıstandakı hadisələr artıq radikal səviyyəyə keçib. Hökumət qüvvələrinə qarşı silahdan istifadə olunur. Qarşıdurmalarda xeyli sayda polis qüvvələri və əsgər öldürülüb, yaralanıb. Qazaxıstandakı hadisələr iki gündən sonra radikal bir səviyyəyə çatdı. Xeyli dövlət obyekti qarət olunub. Bu isə beynəlxalq hüquqda "üsyançıları ayaqlandırmaq " adlanır. Bütün hadisələri ardıcıl nəzərdən keçirəndə, KTMT-nin müdaxiləsini təşkilatın nizamnaməsinin 8-ci maddəsinə əsaslandırmaq olar”.
Yunis Abdullayev