İran Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə İsrailə "Qəzzəyə hücumlar davam edərsə, müdaxilə etməli olacaq" mesajı verib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyrutda BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüşündə ölkəsinin mesajını çatdırıb.
Vennesland Abdullahiyandan Qəzza və İsraildəki münaqişənin bölgəyə yayılmasının qarşısını almağa kömək etməsini istəyib. Abdullahian İranın münaqişənin regional müharibəyə çevrilməsini istəmədiyini və Qəzzada Həmas tərəfindən girov saxlanılan israillilərin azad edilməsinə kömək edə biləcəyini də bildirib.
Digər tərəfdən, ölkəsinin "qırmızı xətləri" olduğunu vurğulayan Abdullahiyan BMT rəsmisinə İsrailin hücumlarının davam edəcəyi və xüsusilə Qəzzaya qurudan hücum ediləcəyi təqdirdə İranın cavab verməli olacağını bildirib.
BMT-nin xüsusi koordinatoru Vennesland da başda İsrailin milli təhlükəsizlik müşaviri Tzachi Haneqbi olmaqla İsrail rəsmiləri ilə əlaqə saxlayıb və İranın mesajını Tel-Əviv rəhbərliyinə çatdırıb.
İran Xarici İşlər Nazirliyi verdiyi yazılı açıqlamada Abdullahiyanın bu gün İranın Beyrutdakı səfirliyində BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland ilə görüş keçirdiyini açıqlayıb.
Beyrutdakı təmasları çərçivəsində Livan Hizbullahının baş katibi Həsən Nəsrullah, Fələstinin müqavimət qrupları Həmas və İslami Cihadın yüksək səviyyəli rəsmiləri ilə görüşən Abdullahiyan İsraili Qəzzaya hücumları dərhal dayandırmağa çağırıb.
Oğuz