Avstraliya hökuməti Antarktikada elmi işlərin aparılması məqsədilə yeni buzqıran gəminin inşası və fəaliyyətinin davam etdirilməsi məqsədilə 1,5 milyard ABŞ dolları məbləğində vəsait ayrılması barədə qərar qəbul edib. Bu haqda Baş nazir Malkolm Ternbull məlumat verib.
Bununla yanaşı, hökumət yaxın 10 ildə “Antarktika planı” üzrə bu buz qitəsinin və onun akvatoriyasının tədqiqi üçün 225 milyon dollar ayıracaq. Həmin planın 20 ildə reallaşdırılması nəzərdə tutulur.
Buzqıran gəmi Hollandiyanın “Damen Shipyards” şirkətinin tərsanəsində inşa olunacaq və 2020-ci ilin ortalarında istifadəyə veriləcək. Yeni gəminin 30 il işləyəcəyi gözlənilir.
Tasmaniyanın Hobart limanında qeydiyyatda olacaq gəminin uzunluğu 150 metrə, göyərtədə yük daşıma qabiliyyəti 1200 tona bərabər olacaq. Gəminin ən müasir avadanlıqla təchiz olunacağı bildirilir.
Hökumət yeni gəmiyə ad verilməsi üçün müsabiqə elan etməyi planlaşdırır.
"Azərtac"