Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” sərəncam imzalayıb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının fəxri adlarını alanlar sırasında müğənni Səbinə Babayeva da var.
O, “Əməkdar artist” adına layiq görülüb. Təəssüratlarını musavat.com ilə bölüşən müğənni xəbəri konsert hazırlığı zamanı aldığını deyib: “Cristal Hall-da Respublika Günü ilə bağlı konsert keçiriləcək. İlk xəbəri orada məşqdə aldım. Çox sevindim. Yanımda gözəl müğənnimiz Tünzalə Ağayeva da var idi. Mənim üçün gözlənilməz oldu. Çox xoşbəxtəm. Sənət yolunda həmişə tək olmuşam. Yanımda mənə dəstək olan məşhur prodüserlər olmayıb. Sənət yolunda tək irəlilədim, amma ucalmağı bacardım. Prezidentimiz İlham Əliyevə və xanımı Mehriban Əliyevaya təşəkkürümü bildirirəm. Hər zaman qəlbimdə fəxri ad almaq istəyi olub. Amma bu qədər tezliklə olacağını gözləmirdim. Bir daha təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Səbinə Babayeva “Eurovision-2012”də ölkəmizi təmsil etdikdən sonra populyarlaşıb.