Əlcəzairin “Satif” radio kanalı “facebook” sosial şəbəkəsində Azərbaycan haqqında videoreportaj yayımlayıb.
“Dünya əllərinin arasında” rubrikasının qonağı olan professor Fövzi Əusadiqlə baş tutan verilişdə Azərbaycanın adət və ənənələri, milli mətbəxi və geyimləri, qədim abidələrindən söz açılır. Verilişdə həmçinin Azərbaycan xalqının İslam dininə olan sıx bağlı olduğu vurğulanır. Bildirilir ki, 90 faizdən çoxu şiə müsəlmanlar olan əhali İslamı özünün ayrılmaz mənəvi dəyəri kimi qəbul edir və Ramazan bayramı ölkədə digər bayramlar kimi təmtəraq və sevinc hissilə keçirilir.
Azərbaycana səfərindən söz açan professor Fövzi Əusadiq öz təəssüratlarını bölüşüb. Vurğulayıb ki, Azərbaycan tolerant ölkədir. Əsrlər boyu mövcud olan dini və etnik müxtəliflik bunu sübut edir. Dünyəvi dövlət olan Azərbaycanda bütün dinlərə və azsaylı xalqların adət-ənənərinə, həyat tərzlərinə böyük hörmət var. Ölkədə 3 minə yaxın məscid və digər ibadət yerlərinin olduğunu vurğulayan qonaq onu da bildirib ki, təxminən 4 faizini xristian təbəqə təşkil edən ölkədə rus, gürcü və qədim erməni kilsələri qorunub saxlanılır.
Azərbaycanın təbii gözəlliklərə və zəngin yeraltı sərvətlərə malik olduğu qeyd edilir. Bildirilir ki, paytaxt Bakı YUNESCO tərəfindən qorunan və dünya mədəni irsi siyahısına aid edilən memarlıq nümunələri ilə zəngindir. İçərişəhər, Qız Qalası, Şirvanşahlar sarayı, Atəşgah məbədi buna misaldır.
Törə Zeynal